Barmaqlarını sənətə qurban verən usta:"Əl işlərimi nazirlərə satmışam"

      Barmaqlarını sənətə qurban verən  usta:"Əl işlərimi nazirlərə satmışam"
  08 İyul 2022    Oxunub:1493
Heç bir yapışqan və mismardan istifadə olunmayan, taxta və rəngli şüşələrin birləşməsiylə yaranan şəbəkə sənətinin ustalarının yaratdığı əsərlər Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrində maraqla qarşılanır. Şəbəkə sənətini inkişaf etdirən Soltan İsmayılov 1978-ci ildən bu işlə məşğuldur.
45 il qədim sənəti tanıdan Soltan usta AzVision.az -a müsahibəsində bu günə qədər onlarla şagird yetişdirdiyini deyib:

"Qədim xalq sənətini inkişaf etdirib, təbliğ edirik. Çox şagirdlərim olub, amma işi qavrayıb, öyrənənlər 10-dan çox olub. Şəbəkə elə sənətdir ki, səbr, diqqət tələb edir. Eyni zamanda riyaziyyat elmini, həndəsəni bilməlisən. Çünki şəbəkə dəqiq elmlər üzərində qurulan sənətdir, incəlik tələb edir. Elə adamlar var ki, bir qədər məşğul olur, amma səbri çatmadığı üçün yarımçıq qoyub gedirlər. Dərindən həvəsi, marağı olanlar bu işlə məşğul olub, usta olurlar. Bu gün sifarişlərimiz olanda yığışıb komanda şəklində fəaliyyət göstəririk".



S.İsmayılov bildirib ki, pandemiya hər bir sahə kimi onların işinə də təsirsiz ötüşməyib. Usta deyir ki, xarici turistlər gəlmədiyi üçün hazırladıqları əsərləri alanlar da azalıb:

"Sifarişlərimiz zaman və məkanla əlaqəlidir. Son dövrlərdə pandemiyaya görə turizmin zəifləməsi bizim işimizi də mənfi təsir etdi.

Turistlər içərisində şəbəkə yığmağa həvəsli olanlar var. Onlara başa salırıq, göstəririk və cəhd edib yığanlar da var. Eyni zamanda düzəltiyimiz suvinerlərdə də açıq hissələr saxlayırıq ki, istəyənlər alıb, evdə özləri söküb yığsınlar".



Sənətinin vurğunu olan Soltan usta elə 3 barmağını da bu yolda qurban verib. Elə illərdir ki, yenə də bu barmaqlarla xariqələr yaradır.

"1992-ci ildə iş görərkən fikirdən səhlənkarlıq etdim. Taxtada düyün var idi, qırıldı və baraqmlarımı qurban verdim".

Şəki xan sarayının, Şəkixanovların evinin bərpasında iştirak edən S.İsmayılov özəl sifarişləri də olduğunu qeyd edib:

"Əsas əl işlərim "Şəhidlər" məscidində olub. Eyni zamanda Bakıda "Şəki" restoranının, eləcə də bir sıra şəxsi mülklərdə yığdım şəbəkələr quraşdırılıb.

Şəbəkə vaxt aparan, incə və bir qədər də bahalı sənət olduğu üçün hər bir adamın bunu almağa gücü çatmır. Lakin pul xərcləməklə yanaşı, zövqlü insanlar bunu seçir, evlərinin bir hissəsini şəbəkə ilə bəzəyir.



Mənim işlərimin evlərini bəzədiyi insanlar arasında nazirlər, məşhur insanlar da var. Bu günə qədər satdığım ən bahalı əsərim 6 min manat dəyərində olub. O, mənim şah əsərimdir və mürəkkəb quruluşa malikdir. Həmin işi 6 aya yığmışdım və imkanlı bir şəxsə satdım və indi onun ofisinə bəzəyir".



AzVision.az


Teqlər:



Xəbər lenti