Siyasi səhnədə sui-qəsd: Bombadan qurtulan Hitler, barmağından yaralanan Özal

    Siyasi səhnədə sui-qəsd:    Bombadan qurtulan Hitler, barmağından yaralanan Özal
  08 İyul 2022    Oxunub:1613
Xəbər verdiyimiz kimi, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində çıxışı zamanı güllələnib və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Abenin səhhətinin ağır olaraq qaldığı bildirilib. Abeni vurduğu güman edilən 42 yaşlı kişi hadisə yerində saxlanılıb. Bildirilir ki, güllələr Abenin sinəsinə və boynuna dəyib.
Bu gün dünyanın bir çox yerlərində siyasətçilər xüsusi həssaslıqla qorunur. Tarixdə bir çox siyasətçiyə qarşı uğurlu və ya uğursuz sui-qəsd cəhdləri olub.

Bunlardan ən məşhuru, Avstriya-Macarıstan İmperiyasının vəliəhd şahzadəsi Frans Ferdinandın öldürülməsi hadisəsidir. Hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə oldu.

ABŞ prezidentləri də dəfələrlə qətlə yetirilib. ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü ildə noyabrın 22-də Texas ştatının Dallas şəhərində parad zamanı Harvey Li Osvald adlı vətəndaş tərəfindən güllələnib.



Vitse-prezident Lindon Conson Kennedinin vurulduğu zaman prezidentin olduğu maşının üç avtomobil arxasında idi. O, Con Kennedinin öldürülməsindən dərhal sonra, saat 14:39-da and içərək ABŞ-ın 36-cı prezidenti olub.

Conson and içərkən, ərinin qanı hələ də üzərində qalan birinci xanım Jaklin Kennedi andiçmə mərasiminə qatılanlar arasında olub. Prezidenti güllələyən Li Harvi Osvald ABŞ ordusundan tərxis olunmuş və ölkəsinə qarşı heç bir xoş hissləri olmayan keçmiş hərbçi kimi tanınırdı. Sui-qəsdi törətdikdən təxminən 90 dəqiqə sonra o, şübhəli davranışına görə həbs edilib.


Sui-qəsddən bir neçə dəqiqə sonra Lindon Conson yeni prezident kimi and içir. Kennedinin həyat yoldaşı Jacquiline Kennedy (sağda)

Tarixdə ən çox sui-qəsd cəhdinə məruz qalan liderlərdən biri də nasist partiyasının lideri Adolf Hitler olub. Hitler siyasi karyerasından bəri 20-dən çox məlum sui-qəsdin hədəfi olub. Bunlardan ən məşhurlarından biri də Hollivud filminin mövzusu olan "İyul çevrilişi" planı idi. 1943-1944-cü illərdə alman ordusunda anti-Hitler dəstələrinin təşkil olunduğu haqda söz-söhbət yayılırdı. Zabitlər Hitlerə qarşı həyata keçirəcəkləri çevrilişin adını “Walkure” qoymuşdular.



20 iyul 1944-cü ildə general Claus Graf Schenk von Stauffenberg, Şərqi Almaniyanın Rastenburq şəhərində Hitlerin qərargahına içərisində bomba olan çanta qoyaraq hadisə yerindən uzaqlaşmışdı.

Bomba Hitlerin otağında partlasa da, 4 nəfər həlak oldu, lakin Hitler sağ qaldı. Hadisədən sonra Hitler əleyhdarı olduğu bilinən 180-200 nəfər edam edildi.



Türkiyədə siyasətçilər də zaman-zaman sui-qəsd təhlükəsi ilə üzləşiblər. 1988-ci ilin 18 iyununda Ana Vətən Partiyasının Ankaradakı Atatürk İdman Salonunda keçirilən növbədənkənar qurultayında baş nazir Turqut Özal çıxış edərkən təxminən 20 dəqiqə sonra iki atəş səsi eşidilib. Hücum edənin tapançasından çıxan güllələr Özalın qarşısındakı mikrofondan keçərək sağ əlinin baş barmağını yaralayıb. Bu hadisədən sonra dəqiqələrdə çıxışına davam edən Özal bu ifadələri işlədib: “Allahın verdiyi candan, onun iradəsindən başqa alacağı yoxdur və biz ona təslim olduq”.


Özalın vurulmasından sonra güllələrin dəydiyi mikrofon dayağı bu gün Malatyada nümayiş etdirilir.

Sui-qəsdi törədən Kartal Demirağ hadisədən əvvəl də həbsxana qaçağı olubmuş. O , 1989-cu ildə ömürlük, sonra isə 20 il həbs cəzasına məhkum edilib. Amma Özalın da təsdiqlədiyi şərti azadlığa buraxılma qanunundan istifadə edərək 4 ildən sonra azadlığa buraxılıb.

1971-1972-ci illərdə baş nazir vəzifəsini icra edən Nihat Erim 1980-ci il iyulun 18-də İstanbulun Draqos şəhərində solçu təşkilatlar tərəfindən öldürülüb. Erim Türkiyə Cümhuriyyəti tarixində baş nazir vəzifəsini icra edən və sui-qəsd nəticəsində həyatını itirən yeganə şəxs olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Sui-qəsd   Siyasət  



Xəbər lenti