Azərbaycanda sosial xidmətlər sahəsində beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda sosial xidmətlər sahəsində beynəlxalq konfrans keçiriləcək
  15 İyul 2022    Oxunub:899
8-9 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə “Vahid Giriş Məntəqəsi Davamlı Sosial Müdafiənin Dayanıqlı Həlli kimi” beynəlxalq konfransı keçiriləcək.
AzVision.az xəbər verir ki, konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Avropa Sosial Şəbəkəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfrans Azərbaycan və ingilis dillərində iki plenar və üç panel iclasdan ibarət olacaq. Plenar iclaslarda yerli və beynəlxalq sahə ekspertlərinin müxtəlif mövzularda təqdimatları, çıxışları və müzakirələri baş tutacaq. Panel iclaslar paralel üç iclasdan ibarət olmaqla müxtəlif mövzularda müzakirələri əhatə edəcək. Konfransda Vahid Giriş Məntəqəsinin idarəetmə modelləri, mövcud təcrübə, təşəbbüs və proseslər müzakirəyə çıxarılacaq. Həmçinin, alternativ xidmətlər, təhlil formatları, insan resursları və kommunikasiya alətləri təqdim olunacaq.

Konfransın məqsədi sosial xidmətlər sahəsində inkişaf perspektlərinin müəyyən olunması və “Vahid Giriş Platforması” konseptinin gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Konfrans sosial xidmətlərin təməl rolunu aktuallaşdıracaq və sosial müdafiə sahəsində islahat strategiyalarının yaradılmasını istiqamətləndirəcək. Eyni zamanda xidmətlərin əlçatanlılığının artırılması, vətəndaşlara daha adekvat formada çatdırılması və idarəetmənin inkişafına imkan yaradacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti