"Suriya böhranını biz yaratmamışıq, yükü üzərimizə yükləmək düzgün deyil" - Ərdoğan

   "Suriya böhranını biz yaratmamışıq, yükü üzərimizə yükləmək düzgün deyil" -     Ərdoğan
  19 İyul 2022    Oxunub:1095
Terror təşkilatlarına qarşı mübarizəmiz hər zaman davam edəcək. PKK, YPG hamımızın ortaq problemidir. İnanıram ki, indiyə qədər göstərdiyimiz əməkdaşlığı davam etdirməklə bu məqsədlərə birlikdə nail olacağıq. DEAŞ, PKK, YPG və digər bütün terror təşkilatlarına qarşı mübarizə fasiləsiz davam etdirilməlidir.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib. O bildirib ki, Suriya xalqına ediləcək ən böyük yaxşılıq separatçı terror təşkilatının işğal olunmuş torpaqlardan çıxarılmasıdır:

"Türkiyə cənub sərhədi boyunca terrordan təmizlənmiş ərazilərlə mülki vətəndaşların itkisini qoruyub, Suriyanın ərazi bütövlüyünə də mühüm dəstək verib. Suriya xalqının ehtiyaclarının fasiləsiz şəkildə təmin edilməsi hamımız üçün prioritetdir. Amma təkcə sözlər yaraları sağaltmır.

Terror yuvalarının təmizlənməsinin artıq vaxtı gəlib çatıb. Konstitusiya Komitəsi bizim səylərimiz nəticəsində fəaliyyətə başlayıb və indiyədək 8 dəfə toplanıb. Gələn həftə keçirilməsi planlaşdırılan 9-cu iclasın təxirə salınması təəssüf doğurur. Unutmayaq ki, Konstitusiya Komitəsinin uğursuzluğu Astana prosesinin uğursuzluğu kimi qiymətləndirilir. İclas BMT-nin yardımı ilə BMT-nin qərargahlarından birində çağırılmalıdır. Rejimin münasibəti bizim birlikdə başladığımız bu prosesi alt-üst edir. Bu mənzərə qarşısında prosesi canlandırmaq mütləqdir. Astana prosesi qabaqcıl rolunu itirməməlidir".

Ərdoğan həmçinin bildirib ki, Türkiyə müvəqqəti olaraq 3,7 milyon suriyalılara ev sahibliyi edir:
"Suriyalılar sülh və ləyaqətlə öz torpaqlarına qaytarılmalıdır. 500 mindən çox suriyalı terrordan təmizlədiyimiz bölgələrə qaytarılıb. Mən istəyirəm ki, nümayəndə heyətlərimiz bu məsələ ilə bağlı məsləhətləşmələrini artırsınlar. Bu böhranı biz yaratmamışıq və yükü bizim üzərimizə yükləmək düzgün deyil. Suriyanın şimal-qərbindəki vəziyyət xüsusilə diqqət çəkir. 4 milyon suriyalının beynəlxalq yardıma əvvəlkindən daha çox ehtiyacı var. Türkiyə hər cür dəstəyi verib. Astanalı tərəfdaşlarımızdan da eyni anlayışı gözləyirəm. BMT-nin yardımının davam etdirilməsi Suriyadakı böhranın qarşısını almaq üçün yeganə üsuldur".

AzVision.az



Teqlər:



Xəbər lenti