DOST Mərkəzində Çexovun “Təklif” pyesinin premyerası oldu
Satirik janra aid olan əsərdə kübar görünməyə çalışan meşşan cəmiyyətinin problemləri əks olunur. Əsərdə hadisələr 3 əsas qəhrəman ətrafında cərəyan edir.
Tamaşanın quruluşçu rejissoru Mərkəzin səhnə ifaçılığı üzrə təlimçisi, tanınmış rejissor Əbdülqəni Əliyev, bəstəkarı musiqi sahəsi üzrə təlimçi, əməkdar artist Vüqar Camalzadə, baş xoreoqrafı rəqs üzrə təlimçi xalq artisti Rüfət Xəlilzadə, bal rəqsləri üzrə xoreoqrafı isə təlimçi Fərid Mehdiyevdir.
İnklüziv tamaşada Mərkəzdə təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslər, həmçinin peşəkar aktyorlar və rəqqaslar çıxış ediblər.
Tamaşa üçün xüsusi musiqi bəstələnərək, Mərkəzin benefisiarlarının ifasında səsləndirilib. Müxtəlif və zəngin çalarlı səhnə libaslarını mərkəzin dərzilik kursunun benefisiarları ərsəyə gətirib. 55 dəqiqə davam edən səhnə əsəri üçün xüsusi dekorasiyalar da hazırlanıb.
Səhnə əsərinin baş rollarından yeddisini əlilliyi olan şəxslər ifa ediblər. Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını çatdırmaqdır.
Yaradıcı heyət 2018-ci ildən inklüziv "Əsa", "Küllücə" və "Oyun" teatrları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ötən dövrdə "Göy quş", "Nəsimi", "And" və "Solğun çiçəklər" tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim edilib və böyük maraqla qarşılanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


