“ABŞ Azərbaycan və Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır”

   “ABŞ Azərbaycan və Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır”
  29 İyul 2022    Oxunub:1566
“ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa töhfə vermək istəyir”.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətindən məlumat verilib.

“Cənubi Qafqazda regional nəqliyyat əlaqələrinin yaxşılaşdırılması regional iqtisadi artım perspektivlərinə müsbət təsir göstərə və Ermənistanla Azərbaycan arasında hərtərəfli sülhə şərait yarada bilər”, - Dövlət Departamenti vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan Qarabağda intensiv döyüşlərə son qoyan 10 Noyabr bəyanatından sonra azad edilmiş rayonlara yeni investisiyalar axtarışındadır. Bildirilib ki, bu ərazilərin minalardan təmizlənməsi yenidənqurma səylərinin bir parçası olaraq Azərbaycan hökuməti üçün prioritet olaraq qalır.

Vurğulanıb ki, Azərbaycanın 2022-ci il büdcəsində bu ərazilərin bərpası və yenidənqurması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayrılması nəzərdə tutulub: “Bu vəsaitin yol, elektrik, qaz, su, kommunikasiya infrastrukturuna, təhsil və səhiyyə sektorlarına, həmçinin mədəni və tarixi abidələrin bərpasına istifadə ediləcəyi bildirilir. Hökumət eyni zamanda, bu regionda “yaşıl enerji” layihələri həyata keçirməyi planlaşdırır. Bərpa işlərinin tikinti və əhalinin yenidən məskunlaşdırılması üçün sərf ediləcək xüsusi büdcə ayırmaları ilə qarşıdakı illərdə də davam edəcəyi gözlənilir. Yenidənqurma səylərinin bir parçası olaraq bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritet olaraq qalır”.

Xatırladaq ki, iyulun 25-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı E.Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Dövlət katibi həmçinin ABŞ-ın Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələri və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstək verməyə hazır olduğunu bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti