Heyvanlar yuxularında nə görürlər?- Tərli pəncələr, sıx çənələr, hırıltılar...

   Heyvanlar yuxularında nə görürlər?-    Tərli pəncələr, sıx çənələr, hırıltılar...
  18 Oktyabr 2022    Oxunub:2080
İnsanlar kimi bir sıra heyvanlar da yuxu görür. Onların hansı təsvirləri görməsi maraq doğurur. Araşdırmalar diqqət çəkən nəticələr göstərir.Tam əminliklə demək mümkün olmasa da, heyvanların gündəlik həyatda etdikləri hərəkətlərin yuxularına yansıdığı bildirilir.
Heyvanlar da insanlar kimi yuxuda hər cür səsi çıxara və hərəkət edə bilirlər. Bəzi heyvanların yuxuda ulama səsi eşidilir. Mütəxəssislər bunları yuxu əlamətləri kimi şərh edirlər.

Onlar da yuxu zamanı bir neçə yuxu döngəsindən keçirlər: oyaqlıq, sürətli göz hərəkəti (REM) yuxusu və sürətli göz hərəkəti olmayan yuxu dönəmi.

REM yuxuların göründüyü mərhələ kimi xarakterizə edilir. İnsanlar kimi, itlər də yuxunun ən dərin hissəsində, REM mərhələsində yuxu görürlər. ABŞ-ın Ohayo Dövlət Universitetinin professoru M. Lin Lilli bildirir ki, əgər itlərdə yuxu insandakı kimidirsə, deməli, onlar da gündəlik fəaliyyətlə bağlı yuxu görürlər.

Təcrübələr də bu nəzəriyyəyə oxşar nəticələr verir. Kanadanın "Britaniya Kolumbiya Universiteti"ndə aparılan təcrübədə tədqiqatçılar itlərdə beynin bir hissəsi olan beyin körpüsünü müvəqqəti olaraq sıradan çıxarıblar. Beyin körpüsü yuxu zamanı bədənin əsas əzələlərinin hərəkətinə mane olur.

Təcrübənin sonunda tədqiqatçılar müəyyən ediblər ki, itlər yuxularında quşları təqib edir və ya gündəlik fəaliyyətlərini görürlər. Baytar Qari Riçter itlərin və insanların yuxu nümunələri arasındakı oxşarlığı belə izah edir:

"İtlərin beyni strukturu insanınkinə çox bənzəyir. Deməli, itlərin beyin dalğaları və yuxu zamanı beyin fəaliyyəti də insanlarınkinə oxşayır".



Bundan əlavə, tədqiqatçılar iddia edir ki, itlər yatarkən öz cinslərinin fərqləndirici xüsusiyyətləri ilə bağlı yuxular görə bilər. Elm adamları hələ tam əmin olmasalar da, Pointer itlərinin yuxuda ovlarına işarə etdiyi və Dobermanların qoruyucu davranış nümayiş etdirdiyi təxmin edilir. Labrador Retriever cinsindən olanların isə çox güman ki, tennis toplarını qovmaları ilə bağlı yuxu gördükləri təxmin edilir.

İtlər də kabus görə bilirlər. Məsələn, yuxu zamanı pəncələrin tərləməsi və çənənin sıxılması kimi simptomlar və ya sürətli nəfəs alma, hırıltı, hürmə və inilti kimi vəziyyətlər buna bir işarədir. Bu, təkcə itlərə aid deyil. Pişiklərin də yuxu görmə forması itlərinki ilə çox bənzəyir.



Baytar nevroloq Adrian Morrisonun sözzlərinə görə, REM yuxusunda olan pişiklər, onlara deyilənləri eşidirmiş kimi başlarını tərpədirlər. Bəzi pişiklər də yuxularında siçanların dalınca qaçırmış kimi yırtıcı davranışlar nümayiş etdirirlər.

Təcrübələr yuxu görmənin siçanlara da aid olduğunu göstərib. Belə ki, labrintə salınmış siçanın beyin fəaliyyəti oradan çıxarıldıqdan sonra yuxuya getdiyi zamanla eyni olub.

Bu səbəbdən tədqiqatçılar siçanın yuxusunda labirintdən qaçdığı anı yenidən yaşadığını bildiriblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti