"Bizim kəndə də gedin" - Azərbaycanlı deputatdan Fransa parlamentinin sədrinə müraciət

      "Bizim kəndə də gedin"    - Azərbaycanlı deputatdan Fransa parlamentinin sədrinə müraciət
  13 Yanvar 2023    Oxunub:1282
Azərbaycan parlamentinin deputatı Sahib Alıyev Fransa Milli Məclisinin sədri Yael Bron-Piveyə açıq dəvətnamə ünvanlayıb. O, Fransa parlamentinin hazırda Ermənistanda səfərdə olan rəhbərini özünün anadan olduğu, İrəvandan cəmisi iki saatlıq məsafədə yerləşən Göyçə mahalının Aşağı Şorca kəndinə dəvət etmək istədiyini bildirib.
“Amma üzürlü sayın ki, mən doğulduğum o kənddə Sizi qarşılaya bilməyəcəm. Çünki Ermənistanın avtoxton əhalisi olan yüz minlərlə azərbaycanlı kimi bizim ailəmiz də oradan deportasiya edilib. Və orasını da üzülü sayın ki, Sizi evimizə də dəvət etmək mümkün deyil. Evimiz də yoxdur, son daşına kimi sökülüb aparılıb.

Ümumiyyətlə, sevimli haylarınız Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş yüzlərlə qəsəbələrini necə dağıdıblarsa, Ermənistanda azərbaycanlılar yaşamış bir çox kəndləri də təqribən o vəziyyətə salıblar. İstənilən halda, əziyyət də olsa, ora getməniz məsləhətdir. Onsuz da biz Fransadan ədalət gözləmirik, amma bu səfər ən azından regiondakı vəziyyəti dəqiq bilmək, dəstəklədiyiniz hayları lap yaxşı tanımaq və boyunlarına daha böyük minnət qoymaq baxımından işinizə yaraya bilər.

Fransa Milli Məclisinin hörmətli xanım sədri, sonda xahiş edirəm ki, kəndimizdəki acınacaqlı mənzərəni görəndə ürəyiniz heç üzülməsin. İşğaldan azad edilmiş torpaqlarımızda olduğu kimi, Ermənistanın azərbaycanlılar yaşamış kəndlərində də quruculuq işləri gedəcək, əmin-amanlıq yaradılacaq. Onu biz edəcəyik, o torpaqlardan deportasiya olunanlar.

Ancaq o zaman Sizi və indi Fransaya rəhbərlik edənlərin heç birini kəndimizdə görmək istəməzdim. Səbəbini özünüz yaxşı bilirsiniz”,- deyə Sahib Alıyev vurğulayıb.

Samir Quliyev


Teqlər: Fransa  



Xəbər lenti