"Lavrovun nə düşünməsi bizi maraqlandırmamalıdır" - Politoloq

Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Lavrovun nə düşünməsi bizi maraqlandırmamalıdır. Lavrov özü “mövcud vəziyyətlə bağlı Azərbaycan nə düşünür” sualına cavab üzərində düşünməlidir.
- Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçılarının lideri Araik Arutunyan tərəfdarlarına izah edib: Ruben Vardanyan Qarabağı tərk etməlidir, separatçılar mədənlərindəki işi dayandırılmalıdırlar, Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır, separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır, - ekspert qeyd edib.
Elxan Şahinoğlunun sözlərinə görə, Araik Arutunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcəklər.
- Erməni mənbələrinə görə, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: “Rəsmi Bakının tələblərini yerinə yetirsək belə dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”.
Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının iddia edildiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək.
Tural Tağıyev
AzVision.az
Teqlər: Lavrov