DOST-dan dəfn pulunun gecikməsinə cavab: "Əlavə araşdırmaya ehtiyac var idi"

      DOST-dan dəfn pulunun gecikməsinə cavab:    "Əlavə araşdırmaya ehtiyac var idi"
  15 Fevral 2023    Oxunub:840
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi iqtisadçı Samir Əliyevin bir müddət əvvəl vəfat edən atasının dəfn pulunu hələ də ala bilməməsi ilə bağlı şikayətinə cavab verib.
Agentliyin mətbuat katibi Şahin Əliyev AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, dəfn üçün birdəfəlik müavinətlə bağlı edilən müraciətə baxılması prosesi bir neçə istiqamətdə araşdırma aparılmaqla həyata keçirilir.

"Yəni şəxsin ölüm faktının rəsmi qeydiyyatının araşdırılması, sosial ödənişlər üzrə bank hesablarının bağlanması, dəfn üçün müavinətlə bağlı müraciət edən şəxsə dair fərdi məlumatların dəqiqləşdirilməsi, müavinət ödənişi üçün xüsusi bank hesabının açılması əməliyyatları icra olunur.
Bütün bu proseslər Nazirliyin e-sistemləri üzərindən məlumatlar əldə edilməklə, müraciət edən şəxsin iştirakı olmadan həyata keçirilir".

Ş.Əliyev bildirib ki, Samir Əliyevin müraciətinə baxılarkən vəfat edən şəxsin sosial ödənişlər üzrə bank hesablarının bağlanması ilə bağlı əlavə araşdırma zərurəti yarandığından müvafiq banka sorğu verilib.
"Çağrı mərkəzi 142-yə müraciət zamanı da bu səbəbdən müraciətə baxılmaqda olduğu, icra müddətinin uzadıldığı bildirilib. Qeyd olunan sorğuya artıq cavab alınıb və şəxs fevralın 17-də “Kapital Bank”ın istənilən filialına yaxınlaşaraq dəfn üçün birdəfəlik müavinəti əldə edə bilər".

Qeyd edək ki, iqtisadçı Samir Əliyev bir müddət əvvəl vəfat edən atasının dəfn pulunu hələ də ala bilməməsindən, dövlət qurumlarında bununla bağlı olan süründürməçilikdən şikayətçi olub.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti