Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuş növbəti yaşayış binalarının təntənəli açılışı münasibətilə şəxsi heyəti təbrik edib.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradıldığı, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlaması dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürüdür.
Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, düşmən işğalından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını bu gün də təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb. Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanışlıq olub və xidməti mənzillərə baxış keçirilib.
AzVision.az