"Oğlumuzun adını orduya həsr etdik" - Ağalının ilk körpəsi ilə bağlı maraqlı detal

Mədinə Zeynalova əslən Laçın rayonunun Güləbird kəndinin, həyat yoldaşı Teymur Zeynalov isə Zəngilan rayonunun Ağalı kənd sakinidir.
"Biz Prezident İlham Əliyev tərəfindən tam təmirli mənzillə təmin olunmuşduq. Lakin köç başlayanda özümüz ərizəmizi yazıb, evimizi şəhid ailəsinə verib bura gəldik. Bura gələrkən övladıma 16 həftəlik hamilə idim. Son günə qədər burada müayinə olunub, tam nəzarətdə saxlanmışam".
Zeynalovlar ailəsinin daha iki qız övladı var. Leyla Ağalı kənd orta məktəbində birinci sinifə, Əsma isə məktəbəhazırlıq qrupuna gedir.
"Ailə olaraq çox sevinirik. Yoldaşım Zəngilandan çıxanda birinci sinif şagirdi olub. Özüm isə Laçından çıxanda 1 yaş 8 aylıq olmuşam. Doğma elimizlə bağlı heç nə görməmişəm. Amma körpəmin, ümumiyyətlə, uşaqlarımın burada böyüməsi gözəl hissdir. Vaxtı ilə məcburi şəkildə buradan çıxmışdıq. İndi övladımızı öz torpağında, doğulduğu yerdə böyütməkdən gözəl heç nə ola bilməz".
M.Zeynalova körpəsinə verdikləri Turan adını isə 44 günlük Vətən müharibəsindəki Zəfərə, Turan ordusuna həsr etdiklərini deyib.
"Fevralın 15-də bizim Turan dünyaya gəlib. Eyni zamanda Ağalının daha iki körpəsi yaxın günlərdə gələcək. Övladım öz yaşıdları ilə doğma torpaqlarda böyüyəcəklər. Hələ doğum şəhadətnaməsini almamışıq, bir həftə ərzində alacağıq. Orada doğum yeri ola bilsin ki, Beyləqan yazılar, lakin qeydiyyat yeri Ağalı olacaq".
Aytən Zəhra
AzVision.az
Teqlər: