Heydər Əliyevin tapşırığı ilə Çində verilən hədiyyə - Xatirə

   Heydər Əliyevin tapşırığı ilə Çində verilən hədiyyə -    Xatirə
  03 Mart 2023    Oxunub:1491
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ümummilli lider Heydər Əliyevlə bağlı esse yazıb.
AzVision.az xəbər verir ki, essedə Ulu öndərin Çinə rəsmi səfəri zamanı yaşanan maraqlı xatirə də yer alıb. Söhbət həmin dönəmdə sözügedən səfərin 8 Mart Beynəlxalq Qadınlar Gününə təsadüf etməsindən gedir.

Ümummilli lider rəsmi səfər zamanı onu müşayiət edən xanım diplomatları dəqqətdənkənar qoymayıb və özünəməxsus şəkildə təbrik edib:

Essedən həmin hissəni təqdim edirik:

“İş elə gətirmişdi ki, Azərbaycan Prezidentinin Çinə rəsmi səfərinin bir günü Beynəlxalq Qadınlar Günü ilə üst-üstə düşmüşdü. Səhər tezdən, proqramın rəsmi hissəsi başlanandan əvvəl biz, - jurnalistlər və nümayəndə heyətinin üzvləri, - Heydər Əliyevin iqamətgahının qarşısında toplaşıb onun binadan çıxmasını gözləyirdik.

Prezident binadan çıxdı, amma limuzinə minməyə tələsmədi. Heydər Əliyev bir dəstə qadını (jurnalistlərin arasında indi dünyasını dəyişmiş həmkarlarım, - adaşlarım Elmira Əhmədova və Elmira Əsgərova, - “AssA-İradə” agentliyinin direktoru İradə Vəkilova, həmçinin Milli Məclisin deputatı Asya Manafova da vardı) görüb bizə yaxınlaşdı.

-Hə, qızlar, sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Sizə cansağlığı və böyük yaradıcılıq uğurları arzu edirəm.

Prezident bizə baxdı və gülümsədi:

-Hə, nə deyirsiniz, bizi restorana dəvət edirsinizmi?

Qızlar utandılar, dinmədilər, mən isə “söz altında qalmaq” istəmədim və eyni tərzdə, zarafatyana cavab verdim:

-Heydər Əliyeviç, nəyə görə biz Sizi dəvət etməliyik? Axı bu, bizim bayramdır! Siz bizi dəvət etməlisiniz.

Prezident güldü:

-Belə de! Yaxşı, olsun...

Heydər Əliyev nümayəndə heyətinin qadınlardan ibarət hissəsindən aralanaraq maşına mindi.

Axşama yaxın, gərgin iş günündən, lazımi informasiyanı öz redaksiyalarımıza çatdırandan sonra yorğun halda hotelə qayıdırdıq.

Xarici İşlər Nazirliyinin protokol şöbəsinin rəisi Elçin Bağırov mənə yaxınlaşdı və guya narazı halda deyindi:

-Dilini dinc saxlaya bilmirsən! Sənin ucbatından mən iki saat şəhəri gəzib sizə hədiyyə axtarmağa məcbur olmuşam.

-Nə hədiyyə? – Mən onun nə demək istədiyini dərhal başa düşmədim.

-8 Mart münasibətilə! Dağılışmayın. Prezident sizi öz iqamətgahına, bayramı qeyd etməyə çağırır.

Beləliklə, həmin axşam biz Heydər Əliyevin iqamətgahında olduq və bir neçə unudulmaz saatı onunla yanaşı keçirdik. Prezident qadınlarla zarafat edir, şair Qabilə söz atırdı. Sonda bizə hədiyyələr – kosmetika dəsti və tikməli Çin süfrəsi bağışladı. Bunu deməyə ehtiyac varmı ki, həmin sürfəni indiyə qədər evimdə yadigar kimi saxlayıram!”.
AzVision.az


Teqlər:





Xəbər lenti