“Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilir

   “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilir
  23 May 2025    Oxunub:408
“Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilir.
AzVision.az
xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin mayın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi ölkə ərazisində tibb, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.

Dəyişikliyə əsasən, Qanuna “Minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir” məzmunlu yeni maddə əlavə edilir.

Hazırda qeyd olunan müəssisələrdə qida normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli qərarına uyğun olaraq müəyyən edilir. Həmin normaların müəyyənləşdirildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq bu normalarda mahiyyəti üzrə ciddi dəyişiklik edilməyib. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.

Qanunun qəbulundan sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları təsdiqlənəcək.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti