İsrailin Qəzza üzrə yeni planı

   İsrailin Qəzza üzrə yeni planı
  26 May 2025    Oxunub:840
İsrailin Müdafiə ordusu (ÇAXAL) yaxın iki ay ərzində Qəzza zolağının 75%-nə tam nəzarət etməyi və anklavın 2 milyondan çox sakinini qalan ərazidə yerləşdirməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, ÇAXAL-ın sənədlərinə istinad edən “The Times of Israel” nəşrinin yazdığına görə, İsrail ordusu Qəzza ərazisinin təxminən 40%-nə nəzarət etdiyini bildirir. Qeyd olunan hədəflər yəhudi dövlətinin quru əməliyyatının yeni genişləndirilməsi ilə bağlıdır ki, bu da ələ keçirilən ərazilərin Fələstin HƏMAS hərəkatının infrastrukturundan tam təmizlənməsini, binaların əksəriyyətinin sökülməsini və yaxın gələcəkdə işğalı nəzərdə tutur.

Qəzzanın mülki əhalisi üç “təhlükəsiz zona”da – Qəzza şəhərinin mərkəzində, Deyr əl-Bələh şəhərində və Nuseyrat qaçqın düşərgəsində məskunlaşmalı olacaq. İsrail və ABŞ-nin dəstəyi ilə yaradılan Qəzza Humanitar Fondu (QHF) bu ərazilərdə ərzaq və digər zəruri mallar paylayacaq.

“ÇAXAL-ın diqqəti HƏMAS yaraqlılarının məhv edilməsindən, ilk növbədə ərazilər üzərində sabit nəzarətin yaradılması səylərinə çevrilir. İsrail ordusunun məlumatına görə, Qəzzada HƏMAS-ın 900 km-ə yaxın yeraltı tunelləri var və yəhudi dövlətinin hərbçiləri onların təxminən 25%-ni məhv etməyə müvəffəq olublar”, - qəzet vurğulayır.

İsrail müttəfiqlərinin dəstəyini itirir
Bununla belə, əməliyyatlar zamanı hər öldürülən HƏMAS yaraqlısına görə anklavın iki-üç mülki vətəndaşı həlak olur. ÇAXAL bunu radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsi ilə əlaqələndirir.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi zərbələr endirib və yanvarda elan olunmuş atəşkəsə xitam verib.
Mayın 18-də isə İsrail “Gideonun döyüş arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində anklavın şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib.

Əməliyyatın məqsədinin Fələstinin HƏMAS hərəkatının son məğlubiyyəti və anklavda saxlanılan bütün israilli girovların azad edilməsi olduğu bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   Qəzza  





Xəbər lenti