ISW: “Putin diqqəti cəbhədən yayındırır”

       ISW:    “Putin diqqəti cəbhədən yayındırır”
  26 May 2025    Oxunub:871
Vladimir Putin ukraynalıların ruhunu sarsıtmaq, Qərbi Rusiyanın Ukraynada qələbəsinin qaçılmaz və Kiyevi dəstəkləməyin əbəs olduğuna inandırmaq üçün Ukrayna şəhərlərinə hava hücumlarından və aqressiv ritorikadan istifadə edir.
AzVision.az xəbər verir ki, Amerikanını “Müharibənin Tədqiqi İnstitutunun (ISW)” analitiklərinin Rusiyanın Ukraynaya son hücumları barədə hazırladıqları hesabatda Moskvanın tələblərinin son üç il müharibədə dəyişmədiyinə diqqət çəkilir. Onların iddiasına görə, döyüş meydanında vəziyyətin kəskin şəkildə dəyişməsi və Rusiyanın irəliləyişlərinin əhəmiyyətli dərəcədə yavaıması faktına Kreml məhəl qoymur.

“Bununla belə, Putin döyüş meydanındakı vəziyyətin reallıqlarından yayındırmaq siyasətinə çox sadiqdir. Çünki Qərbin Ukraynaya hərbi yardımını kəsmək Rusiyanın bu müharibədə qalib gəlmək üçün yeganə real ümididir”, - ISW bildirir.

İnstitutun ekspertlərinin fikrincə, Rusiya lideri, görünür, Ukrayna şəhərlərinə endirdiyi əhəmiyyətli zərbələrin, Moskvanın NATO və Şərqi Avropa dövlətlərinə qarşı aqressiv ritorikasının Rusiyanın Ukraynanın şərqindəki yavaş və yorucu irəliləyişindən kifayət qədər diqqəti yayındıracağına inanır.

- Putin müharibəyə son qoymaq üçün mümkün atəşkəs və ya sülh sazişi ilə bağlı hazırkı müzakirələrə Ukrayna tərəfdarları arasında növbəti kritik məqam kimi baxa bilər. Yəqin ki, Ukraynada və Qərbdə ümidsizlik hissi yaratmaq, Rusiyanın qələbəsini yalandan qaçılmaz kimi qələmə verməklə o, Avropa paytaxtlarını və ABŞ-ni Ukraynaya əlavə yardımdan çəkindirmək niyyətindədir”, - ISW-nin hesabatında vurğulanır.

Eyni zamanda, rusiyalı məmurlar ölkənin daha da pisləşən iqtisadi və maddi məhdudiyyətlərini gizlətməyə çalışırlar ki, bu da onun döyüş meydanında mühüm uğur qazanmasına mane olur.

Xüsusilə, Rusiya məhdud nailiyyətlər üçün minimal təlim və döyüş təcrübəsi olan aşağı keyfiyyətli qoşunların sürətlə yerləşdirilməsinə üstünlük verib. Bu, Rusiya qüvvələrinin mürəkkəb əməliyyatlar aparmaq imkanlarını daha da çətinləşdirib.

Həmçinin, Rusiyanın müdafiə sənayesi bazası ölkənin hazırkı itki nisbətini kompensasiya edəcək səviyyədə zirehli texnikanın və artilleriya sistemlərinin istehsalına qadir deyil.

“Ola bilsin ki, Kreml uzunmüddətli hərbi əməliyyatları davam etdirmək qabiliyyətini həddən artıq qiymətləndirir və görünür, Rusiyanın iqtisadi-hərbi məhdudiyyətləri fonunda Qərbi Moskvanın tələblərini qəbul etməyə inandırmaq üçün səylərinin prioritetlərini yeniləyir”, - analitiklər düşünürlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ISW   Rusiya   Ukrayna  





Xəbər lenti