Argentina Londona xatırlatma edib - VİDEO

“Argentina yenidən Britaniyanı Malvin adalarının suverenliyi ilə bağlı danışıqları bərpa etməyə çağırır. Buenos-Ayresin sözügedən ərazi üzərində suverenliyinin bərpası Argentina dövlətinin xarici siyasətinin “daimi məqsədi” olaraq qalır”, - məlumatda vurğulanır.
Qeyd edək ki, ötən həftə Böyük Britaniya mübahisəli və strateji mövqedə yerləşən Çaqos adaları üzərində suverenliyin Mavrikiyə verilməsi haqqında saziş imzalayıb. Müqaviləyə əsasən, Böyük Britaniya hərbi bazanın ən azı 99 il müddətinə icarəyə götürülməsinə verilməsinə görə Mavrikiyaya ildə 101 milyon funt-sterlinq (137 milyon 360 min ABŞ dolları) ödəyəcək.
Çaqos adaları Hind okeanında 60-dan çox tropik adadan ibarət yeddi arxipelaqın yerləşdiyi ərazidir. 1965-ci ildə ölkə hələ Britaniya müstəmləkəsi olanda Mavrikidən ayrılıb.
Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, ABŞ qoşunları tərəfindən idarə olunan baza Britaniyanın terrorizmlə mübarizəsi üçün mühüm əhəmiyyət kəsb edir və Britaniya təhlükəsizliyinin təməl daşıdır. Donald Tramp da Çaqos arxipelaqının Mavrikiyə verilməsini alqışlayıb.
Lakin Malvin adaları ilə bağlı Londonun müsbət reaksiya sərgiləcəyi böyük şübhə doğurur. 1982-ci ilin aprel-iyun aylarında “Folklend müharibəsi” (həmçinin “Malvin müharibəsi”) adı altında tarixə düşən Argentina-Böyük Britaniya hərbi toqquşması hələ yaddaşlardan silinməyib.
Buenos-Ayresin məğlubiyyəti ilə nəticələnən həmin müharibədə 649 argentinalı və 255 britaniyalı hərbçi, habelə Folklend adalarının 3 sakini həlak olub.
Maraqlıdır ki, ABŞ hakimiyyəti Argentina ilə müttəfiqlik münasibətlərinə rəğmən, həmin müharibədfə Buenos-Ayresi dəstəkləmədi.
ABŞ-nin hər iki əsas siyasi partiyası da Böyük Britaniyanın tərəfini tutdu. Londona ikipartiyalı dəstək haqqında qətnamə layihəsini isə ABŞ Konqresinə o vaxtkı senator, sonralar isə prezident seçilən Co Bayden təqdim etmişdi.
-Argentinalılar ABŞ-nin bu məsələdə həqiqətən bitərəf olduğu anlayışından qurtulmalıdırlar”, - senator Bayden vurğulamışıdı.
Böyük Britaniya ilə Argentina arasında diplomatik əlaqələr 1989-cu ildə Madriddə keçirilən görüşdən sonra hər iki ölkənin hökumətlərinin birgə bəyanat yaymasından sonra bərpa olunub. Folklend adalarının suverenliyi ilə bağlı hər iki ölkənin mövqeyində heç bir aşkar dəyişiklik edilməyib. 1994-cü ildə Argentinanın adalara iddiası ölkə konstitusiyasına salınıb.
2013-cü ildə isə adaların Britaniyanın dənizaşırı ərazisi statusunun saxlanılıb-saxlanılmaması ilə bağlı ada sakinləri arasında referendum keçirilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Arqentina Britaniya Folklend