ABŞ Fələstin dövlətinin tanınmasına mane olur

   ABŞ Fələstin dövlətinin tanınmasına mane olur
  04 İyun 2025    Oxunub:2122
İyunun 17-dən 20-dək BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək yüksək səviyyəli konfransda Fələstin dövlətini tanımamaq barədə ABŞ özəl şəkildə London və Parisə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər nazirliyindəki mənbələrə istinadən “Middle East Eye” nəşrinin yaydığı məlumata görə, Fələstin dövlətini birtərəfli qaydada tanımağa hazırlaşan Paris bu addıma qoşulması üçün Londona təzyiq göstərir. Eyni zamanda, Fransa Böyük Britaniya hökumətinin bu təşəbbüsü dəstəkləməyə meylli olduğuna əmindir.

“Lakin ABŞ qeyri-rəsmi olaraq hər iki paytaxta bu məsələdə birtərəfli addımların qəbuledilməz sayıldığını bildirməyə başlayıb. Eyni zamanda, ərəb ölkələri iki dövlət ideyasının irəli sürülməsi kontekstində siyasi siqnalın vacibliyini vurğulayaraq Fələstini tanımaqda israrlıdırlar”, - mənbələr nəşrə deyiblər.

Ərəb-Britaniya Anlaşma Şurasının rəhbəri Kris Doyl bildirib ki, belə bir addım fələstinlilərin dövlətçilik hüququnu və gələcək danışıqlarda bərabər iştirakını tanıyacaq. Onun sözlərinə görə, bu məsələdə ABŞ-nin təsiri Fransadan daha çox Britaniyaya təsir edə bilər.

Səudiyyə Ərəbistanı və Fransanın dəstəyi ilə təşkil edilən konfrans İsrail-Fələstin münaqişəsindən çıxış yollarının tapılmasına həsr olunub. Fransa prezidenti Emmanuel Makron daha əvvəl demişdi ki, forum “Fələstin dövlətinin tanınmasına yeni təkan vermək” və İsrailin təhlükəsizlikdə yaşamaq hüququnu vurğulamaq məqsədi daşıyır.

Xatırladaq ki, bu günə Fələstin dövləti BMT-yə üzv olan 148 dövlət tərəfindən tanınır. Onlardan 95-də Fələstinin diplomatik missiyaları fəaliyyət göstərir. İki dövlətli həll prinsipi 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla, İsraillə dinc yanaşı yaşayan müstəqil Fələstinin yaradılmasını nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Fələstin   əngəl  



Xəbər lenti