Naxçıvanda özünüməşğulluq genişləndirilir
Regionun xüsusiyyətləri nəzərə alınmaqla, 2024-cü il üçün kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə ümumilikdə 500 kvota müəyyən edilmiş, lakin vətəndaşların müraciətləri və ehtiyacları nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlavə 500 kvotada ayrılaraq özünüməşğulluq proqramı çərçivəsində 2023-2024-cü illər ərzində aktivlər üzrə ümumi kvota 1000-ə çatdırılıb. Cari il üçün isə ilkin əsasda 615 nəfərin (605-i kənd təsərrüfatı, 10-u istehsal-xidmət üzrə) proqramla əhatə olunması nəzərdə tutulub.
2023-cü ildən 2025-ci ilin 1 iyun tarixinədək ümumilikdə 1737 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub. Onlardan 556 nəfəri istehsal-xidmət, 1181 nəfəri isə kənd təsərrüfatı zərflərindən faydalanıb. Təkcə 2025-ci ilin yanvar-may ayları ərzində 341 nəfərə (225 kənd təsərrüfatı, 116 istehsal-xidmət) aktivlər verilib. Aktiv alanlardan 35 nəfəri əlilliyi olan şəxslərdir.
Eyni zamanda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası məqsədi ilə özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Səyyar kofe evləri” layihəsi çərçivəsində işsiz, barista sahəsində çalışmaq istəyən, Naxçıvan şəhəri, Şahbuz, Şərur və Ordubad rayonlarından olan 5 nəfərə səyyar kofe satışını təşkil etmək üçün zəruri aktivlər təqdim edilib. Regionun xüsusiyyətləri nəzrə alınmaqla 45 kənd təsərrüfatı istiqamətli avadanlıqların yaxın günlərdə vətəndaşlara təqdim edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, özünüməşğulluq proqramının icrası istiqamətində həyata keçirilən tədbirlər, 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra səlahiyyətləri çərçivəsində həyata keçirilir.
Teqlər: Naxçıvan







Vaxtında, Aydın, Lazımlı!


