İrandan "Hizbullah"a pul köçürən şirkət rəhbəri öldürülüb

   İrandan "Hizbullah"a pul köçürən şirkət rəhbəri öldürülüb
  25 İyun 2025    Oxunub:1256
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna aviazərbəsi nəticəsində İrandan "Hizbullah" terror təşkilatına maliyyə yardımı göndərən vasitəçi valyuta mübadiləsi şirkətinin rəhbəri həyatını itirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Tehrandan terrorçulara maliyyə ötürülməsi prosesi "Al-Sadiq" adlı valyuta şirkətinin rəhbəri Heysəm Abdullah Bəkrinin birbaşa nəzarəti altında həyata keçirilib.

Sözügedən şirkətin maliyyə vəsaitini İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrindən aldığı, "Hizbullah" adına saxladığı və köçürdüyü diqqətə çatdırılıb. "Hizbullah" təşkilatı isə, öz növbəsində, bu maliyyə vəsaitini terror fəaliyyəti üçün silah-sursat istehsalı və alışında işlədib.

"Şirkətin rəhbərinin aradan qaldırılması İranın "Hizbullah"ı maliyyələşdirmə yollarına ciddi zərbə vurur", - məlumatda deyilir.
"Hizbullah" komandiri öldürülüb

Xatırladaq ki, iyunun 19-da İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Bariş kəndinə pilotsuz uçuş aparatı ilə (PUA) aviazərbəsi nəticəsində təşkilatın komandiri Yasin İzzəddin həyatını itirib. Məlumata görə, zərərsizləşdirilən komandir təşkilatın Litani çayı ətrafındakı qoşunlarının raket-artilleriya bölməsinin rəhbəri idi.

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Hizbullah   İran   İsrail   münaqişə  



Xəbər lenti