Prezidentlər Xankəndidəki tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

   Prezidentlər Xankəndidəki tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
  03 İyul 2025    Oxunub:1065
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.
AzVision.az
Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib. Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.

Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

AzVision.az


Teqlər: Prezident   fabrik  



Xəbər lenti