Avropa İttifaqı İsraili hədələyir

   Avropa İttifaqı İsraili hədələyir
  11 İyul 2025    Oxunub:1416
Avropa İttifaqı (Aİ) Qəzzadakı vəziyyətə görə İsraillə assosiasiya sazişini dayandırmağı nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin sənəd layihəsinə istinad edən “Politico” nəşrinin yazdığına görə, müzakirə olunan tədbirlər arasında Aİ ilə İsrail arasında siyasi və ticarət-iqtisadi əməkdaşlığı tənzimləyən sazişin tam ləğvi də var.

Seçimlərdən biri İsrailin baş naziri Binyamin Netanyahunun kabineti ilə Aİ-yə üzv olan 27 dövlətin yekdil dəstəyini tələb edən siyasi dialoqa son qoymaqdır.

“İsrail malları üçün ticarət üstünlüklərinin ləğvi kimi qismən dayandırılma ehtimalı daha yüksəkdir. Belə bir qərar Aİ Şurasında mütləq səs çoxluğu ilə qəbul edilə bilər”, - nəşr vurğulayır.

Həmçinin, İsrailin Avropa proqramlarında, xüsusilə “Erasmus” və texniki əməkdaşlıqda iştirakına məhdudiyyətlər qoyulması da nəzərdən keçirilir.

Məsələnin iyulun 15-də Aİ Xarici İşlər nazirlərinin görüşündə müzakirəsi planlaşdırılır. Həmin gün İsrail Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılmasına dair hesabat təqdim edəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   hədə  



Xəbər lenti