Azərbaycan CQD ilə qaz təchizatını artırmaq istəyir

Azərbaycan CQD ilə qaz təchizatını  artırmaq istəyir
  12 İyul 2025    Oxunub:1204
“Cənub Qaz Dəhlizi ilə qaz təchizatımızı artırmaq niyyətindəyik”.
AzVision.az xəbər verir ki, bunu APA TV-yə müsahibəsində Azərbaycan Respublikasının Energetika nazirinin müavini Orxan Zeynalov deyib.

Nazir müavini bildirib ki, 2,6 trilyon kubmetr təsdiq edilmiş ehtiyatlarına malik olan Azərbaycanın bunun üçün böyük potensialı var.

Orxan Zeynalovun sözlərinə görə, region ölkələri, xüsusilə də Mərkəzi Asiyada Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələr də böyük ehtiyatlara malikdir.

“Bu baxımdan Azərbaycanın tranzit rolu genişlənəcək. Biz bunu yaşıl enerji konnektoru misalında görürük. Hazırda Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizi layihəsi işlənir”, - nazir müavini vurğulayıb.

Orxan Zeynalov, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının öz tələbatını yaşıl enerji ilə təmin etdiyinə diqqət çəkib.

Bu regionda günəş enerjisi potensialı 7200 meqavat, ülək enerjisi 2000 meqavatdır. İndiyə qədər 550 fərdi, sosial, ictimai binalar günəş panelləri ilə təmin edilib. “Azərenerji” tərəfindən azad olunmuş ərazilərdə 32 kiçik su elektrik stansiyası istismara verib.

- İndi tam olaraq deyə bilərik ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaşıl enerji ilə qidalanır. Əlavə enerji ölkənin enerji sisteminə ötürülür”, - nazir müavini bildirib.

AzVision.az



Teqlər: Azərbaycan   CQD  



Xəbər lenti