Tramp Putinə 50 gün möhlət verib | VİDEO

   Tramp Putinə 50 gün möhlət verib    | VİDEO
  15 İyul 2025    Oxunub:778
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı bir neçə gün əvvəl anonsunu verdiyi açıqlamasını və “sürpriz”ini geniş ictimaiyyətin diqqətinə çatdırıb.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşdən sonra keçirdiyi brifinqdə Rusiyadan və şəxsən onun prezidenti Vladimir Putindən “çox, çox narazı” olduğunu deyib. Çünki Tramp iki ay əvvəl Ukraynada nizamlanma üzrə razılığa gəlməyə ümid edirdi, lakin görünür, bu baş verməyəcək.

Rusiyadan nə tələb olunur?
Bununla əlaqədar olaraq Amerika lideri Moskvaya ultimatum verərək, ondan münaqişəni 50 gün ərzində dayandırmağı tələb edib.

“Əgər 50 gün ərzində razılaşma əldə etməsək, çox sərt tariflər tətbiq edəcəyik - 100%-ə yaxın. Siz onları ikinci dərəcəli tariflər adlandırırsınız və bunun nə demək olduğunu bilirsiniz”, - Ağ Evin rəhbəri deyib.

Trampın sözlərinə görə, təklif edilən məhdudiyyətlər tətbiq olunarsa, Rusiya iqtisadiyyatına zərbə dəyəcək, lakin o, “bunun qarşısını almaq istəyir” . Eyni zamanda, Amerika lideri Ukrayna ilə bağlı heç bir irəliləyiş olmadığı təqdirdə Vaşinqtonun ikinci dərəcəli tariflərinin tətbiqinin Konqresin təsdiqini tələb etməyəcəyini diqqətə çatdırıb.

O, Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını “çox xoş” adlandırıb, lakin bu danışıqlardan məyus olduğunu bildirib.

- Mən tez-tez onunla işlərin necə aparılacağı barədə danışıram, sonra telefonu bağlayıb deyirəm ki, yaxşı, xoş söhbət oldu. Sonra da Kiyevə və ya başqa şəhərə raket zərbəsi endirirlər”, - Tramp belə reallıqdan narazılığını gizlətməyib.

ABŞ prezidenti, eyni zamanda Putini “sərt adam” adlandırıb: "O, sərt oğlandır. Bu, uzun illər ərzində sübut olunub. O, bir çox insanları aldatdı - Buş, Klinton, Obama, Bayden. Amma məni yox”.

Donald Tramp təəssüflə bildirib ki, potensial olaraq Rusiya kimi belə böyük ölkə Ukrayna ilə münaqişəyə “bu qədər insan və bu qədər pul” xərcləyir. O, Putinlə “ədalətli razılaşma”ya ümid etdiyini deyib və “ədalətli razılaşmanın nə olduğunu bildiyini” vurğulayıb.

Ukraynaya silah tədarükü

ABŞ prezidenti həmçinin Ukraynaya “ən yaxşı hərbi texnika” tədarükünü davam etdirmək niyyətində olduğunu təsdiqləyib. Ancaq indi sxem dəyişəcək: hərbi yardım xərclərini Avropa İttifaqı (Aİ) ödəyəcək.

- Biz bu gün onlara silah göndərəcəyik və pulu onların ödəyəcəyi barədə razılığa gəldik. Patriot hava hücumundan müdafiə (HHM) sistemləri bir neçə gün ərzində Ukraynaya göndəriləcək. NATO müttəfiqləri öz silahlarını Kiyevə verəcək və ABŞ sonradan öz arsenallarını yeni sistemlərlə dolduracaq. Kiyevə verilən silahların dəyəri milyardlarla dollar təşkil edəcək”, - Donald Tramp məsələyə aydınlıq gətirib.

Amerikanın “Axios” portalının məlumatına görə, Vaşinqton ilk mərhələdə Kiyev üçün müttəfiqlərə təxminən 10 milyard dollarlıq silah satmaq niyyətindədir; paketə raketlər, HHM sistemləri və artilleriya mərmiləri daxil olacaq.

NATO-nun baş katibi Mark Rütte də Ukraynanın “külli miqdarda” hərbi texnika alacağını bildirib.

“Bu, həqiqətən də böyük kəmiyyətdir. Patriotların tədarükləri yalnız birinci dalğadır, başqaları da olacaq”, - Şimali Atlantika Alyansının baş katibi iddia eidb.

Rütte artıq Finlandiya, Danimarka, İsveç, Norveç, Böyük Britaniya, Hollandiya və Kanada da daxil olmaqla bir çox ölkə ilə bu mövzuda danışıqlar aparıb.

Kiyevə silah tədarükü üzrə koordinasiyanı NATO və ABŞ-nin blokdakı daimi nümayəndəsi Metyu Uitaker həyata keçirəcəklər. Mark Rütte qeyd edib ki, əgər o, Vladimir Putinin yerində olsaydı, Ukrayna üzrə danışıqlara indikindən daha ciddi yanaşmaq barədə düşünərdi.

Moskvanın reaksiyası
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bildirib ki, ikinci dərəcəli vəzifələr ilk növbədə Rusiyaya deyil, ABŞ-ın özünə zərbə vuracaq.

- Mən Amerika prezidentini məyus etməyə tələsirəm - biz hazırda ABŞ ilə demək olar ki, heç bir ticarət aparmırıq, cüzi ticarət dövriyyəsi 8 milyard dollardır. Eyni zamanda ABŞ ehtiyac duyduğu uran, titan, palladiumu Rusiyadan alır və onların bahalaşması bizim deyil, ilk növbədə onların iqtisadiyyatına təsir göstərəcək”, - rusiyalı parlamentari deyib.

O, həmçinin Trampın Ukraynaya silah tədarükünü davam etdirmək qərarından təəccüblənmədiyini deyib. Çünki ABŞ Ukraynanı silahla təmin edib, edir və edəcək - bu, Rusiyanın çoxdan alışmalı olduğu aksiomadır. Qalan hər şey - tədarükün dayandırılması ilə bağlı nağıllar, Volodimir Zelenskidən narazılıq, əvvəllər Kiyevə verilənlərin auditi - ABŞ-nin, sadəcə, əsas məsələni gizlətməsi üçün pərdədir: onlar həmişə Rusiya ilə qarşıdurmada olacaqlar.

Deputatın sözlərinə görə, rəsmi sənədlərdə Rusiyanı düşmən adlandıran ABŞ liderindən fərqli qərar gözləmək qəribə olardı.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov, öz növbəsində, bildirib ki, Trampın təhdidləri Rusiya üçün “fəlakətli heç nə” yaratmır və ABŞ prezidentinin bəyanatları öz reytinqini yüksəltməyə hesablanıb.

“Tramp bir daha amerikalı seçiciyə hələ də soyuqqanlı olduğunu və nəyisə fəal şəkildə həyata keçirməyə davam etdiyini göstərmək istəyib. Praktiki nöqteyi-nəzərdən, hələ də vəd edilən tariflərin nəyə yönəldiyini görmək lazım gələcək”, - Klimov deyib.

Rusiyalı sematorun fikrincə, tariflərlə bağlı bütün addımlar iki tərəfi də iti olan alətdir.
Ona görə də dövlətlər çox baha başa gələn elə bir özünütəcrid vəziyyətinə düşə bilərlər ki, sonradan öz iqtisadiyyatlarını xilas etmək daha da çətinləşəcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Rusiya   möhlət  



Xəbər lenti