Əraqçi: "ABŞ təzminat ödəməlidir"

      Əraqçi:    "ABŞ təzminat ödəməlidir"
  31 İyul 2025    Oxunub:760
"Tehran gözləyir ki, ABŞ nüvə proqramı üzrə danışıqların bərpasından qabaq İran ərazisindəki nüvə obyektlərinə hücumlar nəticəsində dəymiş zərəri ödəsin".
Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi "The Financial Times" qəzetinə müsahibəsində dilə gətirib. Ölkəsinin tələbini ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofa çatdırdığı bildirən nazir vurğulayıb ki, belə bir təzminat ölkələr arasında "etimadın möhkəmlənməsi üçün vacibdir".

"Vaşinqton danışıqların aparıldığı bir vaxtda bizə niyə hücum çəkdiyini başa salmalı, gələcək danışıqlar dövründə belə bir hücumun təkrarlanmayacağına söz verməli, vurduğu zərəri ödəməlidir", – Əraqçi deyib.

Xatırladaq ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki nüvə obyektlərinə aviazərbələr endirməyə başlamış, İranın cavab tədbirləri görməsi ilə iki ölkə arasında müharibə başlamışdı. Tehranla nüvə proqramı üzrə danışıqlara yenidən başlamış ABŞ də İsrailə dəstək verərək hücumlara qoşulmuşdu. Nəticədə hər iki ölkənin ərazisində hədəfə alınan obyektlərdən əlavə bir çox mülki infrastruktura da ziyan dəymiş, yüzlərlə insan həyatını itirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   ABŞ   təzminat   tələb  



Xəbər lenti