İsrail ilin sonuna qədər döyüşəcək | VİDEO

   İsrail ilin sonuna qədər döyüşəcək    | VİDEO
  20 Avqust 2025    Oxunub:659
Qəzzanı tamamilə ələ keçirmək üçün İsrail ordusunun “Gideonun döyüş arabaları II” əməliyyatı 2026-cı ilə qədər davam edəcək.
AzVision.az xəbər verir ki, əməliyyata başlamaq planı təsdiqləndiyi üçün İsrail ordusu (ÇAXAL) Qəzzanın şimalındakı Cəbəliyyə bölgəsində və şəhərin ətrafında genişmiqyaslı əməliyyatları bərpa edib. Yerdə operativ nəzarətin yaradılması çərçivəsində son bir neçə gün ərzində hərbi obyektlər və yaraqlılar məhv edilib.

Avqustun 20-də İsrailin Müdafiə naziri İsrael Kats İsrail ordusunun Qəzzanı ələ keçirmək planını təsdiqləyərək əməliyyatı “Gideonun döyüş arabaları II” adlandırıb. Bu planı ona ÇAXAL-ın Baş Qərargah rəisi Eyal Zamir və ordunun yüksək rütbəli komnadanlıq heyəti təqdim edib.

Xəbərdə bildirilir ki, əməliyyat əvvəlki “Gideonun döyüş arabaları” əməliyyatının davamıdır və onun həyata keçirilməsi üçün ÇAXAL-ın heyətinə ehtiyat əmrlər göndəriləcək.
“Kan TV” telekanalının məlumatına görə, yaxın vaxtlarda ehtiyatda olan hərbçilərin genişmiqyaslı səfərbərliyi gözlənilir.

“The Times of Israel” yazır ki, ÇAXAL İsrael Kats tərəfindən təsdiqlənmiş hücumda iştirak etmək üçün təxminən 60 min ehtiyatda olan əsgəri çağırmaq əmrini verib. Həmas yaraqlılarını təcrid etmək üçün Qəzzadan mülki əhalinin zolağın cənub hissəsinə təxliyəsi üçün hazırlıqlar da təsdiqlənib.

İsrail rəsmiləri avqustun 19-da “The Jerusalem Post” nəşrinə bildiriblər ki, bölgənin ələ keçirilməsi üçün hazırlıqlar planlaşdırıldığı qaydada gedir.

“Əməliyyatın planlaşdırılması həmişəki kimi davam edir. Baş nazirin müəyyənləşdirdiyi şərtlərlə bütün girovların azadlığını və müharibənin dayandırılmasını ehtiva edən bir seçim təqdim olunmadığı təqdirdə, Nazirlər Kabinetinin Qəzzanı tutmaq qərarını həyata keçirmək niyyətindəyik”, - yəhudi dövlətinin yüksək vəzifəli məmurlarından biri vurğulayıb.

Xatrıladaq ki, İsrail ordusunun hücum planlarının təsdiqlənməsi HƏMAS-ın dəstəklədiyi və iki aylıq atəşkəs müqabilində 10 girovun azad olunmasını tələb edən təklif fonunda baş verib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Qəzza   müharibə  



Xəbər lenti