Putin-Zelenski görüşü sual altındadır?

   Putin-Zelenski görüşü    sual    altındadır?
  20 Avqust 2025    Oxunub:1087
İordaniyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü ilə bağlı sualı da cavablandırıb.
AzVision.az xəbər verir ki, Amerika və Avropa rəsmiləri Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında birbaşa danışıqların yaxın gələcəkdə baş tuta biləcəyini bildiriblər.
Lakin Rusiya XİN-in rəhbərinin sözləri belə bir görüşün hələ çox uzaqda olduğunu deməyə əsas verir.

“Biz istənilən formata hazırıq, lakin yüksək səviyyəli görüşlərə gəldikdə, onları əvvəlki bütün mərhələlərdə çox diqqətlə hazırlamaq lazımdır ki, sammitlər vəziyyətin pisləşməsi ilə nəticələnməsin, əksinə, davam etdirməyə hazır olduğumuz danışıqlarda həqiqətən də nöqtə qoysun”, - Segey Lavrov vurğulayıb.

O, həmçinin bildirib ki, Vaşinqtonda Zelenski və Avropa liderləri ilə görüşdə ABŞ prezidenti Donald Tramp Kreml rəhbərinə zəng edəndə Vladimir Putin “nümayəndə heyətlərinin başçılarının səviyyəsinin artırılması haqqında düşünməyi təklif edib”. Bu isə heç də prezidentlərin görüşü anlamına gəlmir.

Lavrovun sözlərinə görə, Moskva Ukrayna və Rusiyanın siyasi məsələlər də daxil olmaqla, sülh yolu ilə nizamlanmanın müxtəlif aspektlərini müzakirə edə biləcəyi müxtəlif işçi qruplarının yaradılması təşəbbüsünü irəli sürüb.

Xatılrladaq ki, bundan əvvəl Ağ Evin rəhbəri Donald Tramp ABŞ, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşü çərçivəsində uğurlu danışıqlar aparılarsa, Ukraynada münaqişəyə son qoymaq üçün “yaxşı şans” yarandığını bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Putin   Zelenski   görüş  



Xəbər lenti