İran Qafqaza dəmir yolu üçün hazırlıq görür

   İran Qafqaza dəmir yolu üçün hazırlıq görür
  29 Avqust 2025    Oxunub:1668
İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanan dəmir yolu layihəsinin başa çatdırılması üçün fəal iş aparır.
Bu barədə İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib. O, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin sözügedən limandan keçən hissəsinə baş çəkərkən diqqətə çatdırıb ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq.

"Bu xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək", – vitse-prezident vurğulayıb .

(İranın vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah (sağda) Çabahar limanında)

(Çabahar limanının ümumi görünüşü)
Paşinyan: "Tehran Zəngəzur dəhlizindən məmnundur"

Xatırladaq ki, Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində söyləyib ki, Vaşinqtonla imzalanmış saziş və bəyannamədə həm İran, həm də Rusiya üçün nəzərəçarpan real faydalar var.

Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib.

"ABŞ-də imzalanmış sənədlər Ermənistan və İran arasında dəmir yolu üzrə praktiki əməkdaşlığa töhfə verəcək. Minnətdaram ki, İran Prezidenti bu layihələri obyektiv qiymətləndirdi. Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda ölkələrin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında kommunikasiyaların açılmasıdır. Bu, Ermənistanın tərəfdaşları ilə dialoqun inkişafına da töhfə verəcək", – Nikol Paşinyan bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   dəmir-yolu   Qafqaz  



Xəbər lenti