ŞƏT sammiti çərçivəsində Ərdoğan Putinlə görüşüb | VİDEO

   ŞƏT sammiti çərçivəsində Ərdoğan Putinlə görüşüb    | VİDEO
  01 Sentyabr 2025    Oxunub:766
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ŞƏT sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə bir sıra regional məsələləri, xüsusilə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazı müzakirə edib.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putin hər iki dövlətin diqqətinin sözügedən regionlar kimi ümumi maraq doğuran mövzulara yönəldiyini bildirib.

Onun sözlərinə görə, bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı yaxşı qurulub, konkretdir, faydalıdır və qarşılıqlı etimada əsaslanır.



Putin, eyni zamanda, Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sona çatmasında “xüsusi rolundan” danışaraq, Moskvanın Ankaraya “etibarlı və zamanın sınağından keçmiş tərəfdaş” kimi baxdığını vurğulayıb.

“Bu ilin may ayından etibarən İstanbul platformasında birbaşa Rusiya-Ukrayna danışıqlarının üç raundu artıq keçirilib və bu, humanitar sahədə bir sıra praktiki məsələlərin həllində irəliləməyə imkan verib”, - Kremlin rəhbəri deyib.

O, Türkiyənin vasitəçilik səylərinə “gələcəkdə də tələbat olacağına” əminliyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, “Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə davamlı sülhə nail olunacağına” ümid etdiyini söyləyib. Türkiyə lideri “Qafqazda sabitliyin həm Türkiyə, həm də Rusiya üçün faydalı olduğunu” vurğulayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: ŞƏT   Ərdoğan   Putin  



Xəbər lenti