İsrail hökumətində ixtilaf yaranıb

   İsrail hökumətində ixtilaf yaranıb
  05 Sentyabr 2025    Oxunub:1226
İsrailin baş naziri Binyamin Netanyahunun ən yaxın silahdaşları onu Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsindən imtina etməyə və əvəzində Fələstinin HƏMAS hərəkatı ilə müvəqqəti razılaşmaya getməyə inandırmağa çalışırlar.
AzVision.az “The Wall Street Journal (WSJ)” nəşrinə istinadən xəbər verir ki, son həftələrdə yüksək vəzifəli təhlükəsizlik və hökumət məmurları bir sıra qapalı görüşlərdə Netanyahunu strategiyasına yenidən baxmağa və diqqətini atəşkəsə nail olmağa yönəltməyə çağırıblar.

İsrail Silahlı qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir xəbərdarlıq edib ki, münaqişənin daha da gərginləşməsi İsrailin Qəzzada de-fakto hərbi hakimiyyətinin tətbiqinə gətirib çıxara bilər.
“Mossad”ın rəhbəri David Barnea və Xarici İşlər naziri Gideon Saar da hərbi kampaniyanın davam etdirilməsinin zəruriliyinə şübhə ilə yanaşırlar.

Tramp: “Qəzzada müharibə İsrailə çox ziyan vurur”
Onların fikrincə, prioritet qalan girovların ən azı bir qisminin azadlığa buraxılmasına imkan verəcək atəşkəs razılaşmasının əldə edilməsi olmalıdır. Saar vurğulayıb ki, döyüşlərin uzadılması ciddi diplomatik nəticələrə gətirib çıxaracaq və mülki vətəndaşların sayının artması səbəbindən beynəlxalq tənqidləri artıracaq.

“Bu mübahisə Netanyahu ilə bəzi İsrail təhlükəsizlik rəsmiləri arasında müharibənin məqsədləri, gedişatı və Qəzzanın gələcəyi ilə bağlı fikir ayrılığını əks etdirir. Baş nazir daxili müqavimətin artmasına və beynəlxalq qınaqlara baxmayaraq, Qəzza şəhərinə hücumunu davam etdirmək qərarına gəldikdən sonra fikir ayrılığı ictimai gündəmə qayıdıb”, - qəzet yazır.

Xatırladaq ki, bir neçə günə əvvəl ABŞ prezidenti Donald Tramp “The Daily Caller” nəşrinə müsahibəsində İsrailin Qəzzada apardığı müharibədə qalib gələ biləcəyini, amma ictimai rəydə uduzduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   hökumət   ixtilaf  



Xəbər lenti