Deputat: “İlham Əliyev prinsipial, lakin təmkinli mövqe sərgilədi”

      Deputat:    “İlham Əliyev prinsipial, lakin təmkinli mövqe sərgilədi”
  10 Oktyabr 2025    Oxunub:1764
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında Düşənbədə keçirilən görüş “ikitərəfli münasibətlərin sabitləşməsi istiqamətində mühüm addım” oldu.
AzVision.az xəbər verir ki, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Ədalət, Hüquq, Demokratiya (ƏHD)” Partiyasının sədri Qüdrət Həsənquliyev belə deyib.

Deputat Azərbaycan mətbuatına açıqlamasında bildirib ki, danışıqlar münasibətlərin daha da gərginləşməsinin qarşısını almağa kömək edib.

“Mən də bu görüşü xalqımızla eyni şəkildə qiymətləndirirəm. İnanırdım ki, prezidentlər yaranmış gərginliyi aradan qaldıra biləcəklər. Azərbaycan həmişə Rusiya ilə qarşılıqlı hörmət əsasında bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub”, - millət vəkili vurğulayıb.

Qüdrət Həsnquliyev xatırladıb ki, son vaxtlar münasibətlərdə soyuqlaşma Rusiya hava məkanında vurulan AZAL sərnişin təyyarəsi ilə bağlı insidentdən sonra “Moskvanın anlaşılmaz və qəbuledilməz mövqeyi” ndən irəli gəlib.

- Azərbaycan Prezidenti prinsipial, lakin təmkinli mövqe nümayiş etdirərək münasibətlərin dönməz şəkildə korlanmasının qarşısını aldı. Çoxları bunun əksini gözləyirdi. Rusiya isə Bakının tarazlı yanaşmasını yüksək qiymətləndirdi və zəruri addımları atdı. Bizim strateji maraqlarımız dostluq və müttəfiqlik tələb edir. İlham Əliyev dövlətlə xalqın maraqları arasında tarazlıq tapa bildi”, - siyasətçi deyib.

Onun sözlərinə görə, məhz bu baxımdan, prezidentlərin görüşü Azərbaycanda mühüm diplomatik uğur kimi qəbul edilib.

Danışıqların mümkün mövzuları ilə bağlı sualı cavablandıran deputat ehtimal edib ki, əsas məsələlərdən biri Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və onlara qarşı təzyiqlərə son qoyulması ola bilər.

“Böyük ehtimalla, qeyri-qanuni neft ticarəti, Rusiyadan İrana Azərbaycandan keçəcək qaz kəməri layihəsi və Moskvanın əvvəllər etiraz etdiyi Türkmənistandan Transxəzər qaz kəmərinin reallaşdırılması məsələləri də müzakirə olunub. Bundan əlavə, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, təhlükəsizlik məsələləri, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edə bilərlər”, - ƏHD Partiyasının sədri mülahizələrini bölüşüb.

Qüdrət Həsənquliyevin fikrincə, görüşün nəticələri təsdiqləyir ki, Bakı və Moskva bir-birinə sabitliyin və qarşılıqlı etimadın qorunmasında maraqlı olan strateji tərəfdaşlar kimi baxmaqda davam edirlər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Həsənquliyev   Azərbaycan   Rusiya  



Xəbər lenti