Vaşinqton Kiyevə neçə “Tomoqavk” verə bilər?

   Vaşinqton Kiyevə neçə “Tomoqavk” verə bilər?
  14 Oktyabr 2025    Oxunub:1095
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə oktyabrın 17-də Ağ Evdə keçirəcəyi görüşdə Kiyevə silah tədarükü, o cümlədən “Tomaqavk” raketlərinin mümkün transferini müzakirə edəcək.
AzVision.az xəbər verir ki, mənbəyə istinad edən Amerikanın “Axios” portalı belə məlumat yayıb.

“Tərəflər Ukraynaya hansı silahların verilməli olduğunu, xüsusən də ABŞ-nin müharibədən əziyyət çəkən ölkəyə vəziyyəti kökündən dəyişə biləcək uzaqmənzilli “Tomaqavk” raketlərinin verilib-verilməməsini müzakirə edəcəklər. Bəzi məsələlər var ki, onları telefonla müzakirə etmək olmaz”, - portal yazır.

Nəşr qeyd edir ki, uzaqmənzilli raketlər Ukraynaya Rusiyanın ucqar ərazilərini, o cümlədən Moskvanı vurmaq imkanı verəcək.

“Yeni Amerika Təhlükəsizliyi Mərkəzi”nin müdafiə proqramının direktoru Steysi Petticon, öz növbəsində, ABŞ-nin Ukraynaya 20-50 “Tomaqavk” raketi verə biləcəyini istisna etmir, lakin onun fikrincə, bu, çətin ki, müharibənin dinamikasını dəyişsin.

- Uzaqmənzilli raketlər Ukraynanın uzaq məsafəli PUA-larının və qanadlı raketlərinin işini dəstəkləsələr də, onların imkanları hələ də çox məhdud qalacaq. Əlbəttə ki, bu Rusiyaya qarşı davamlı və dərin hücumları həyata keçirmək üçün kifayət edəcək tədbirlər deyil”, - analitik “Financial Times (FT)” nəşrinə müsahibəsində deyib.

Ukraynalı məmurlardan biri Trampın Kiyevə raketlərin ötürülməsi ilə bağlı qərara çox yaxın olduğunu iddia etsə də, Ağ Ev hələlik yekun qərarın verilmədiyini bildirib.

Pentaqonun keçmiş əməkdaşı, hazırda “Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin eksperti Mark Kansian ABŞ-nin ümumi ehtiyatında 4150 ədəd “Tomaqavk” raketi olduğunu söyləyib. Onun sözlərinə görə, bununla belə, Vaşiqnton Kiyevə cəmi bir neçə “Tomaqavk” verə bilər.

- Çünki hərbi ekspertlərin fikrincə, 2022-ci ildən başlayaraq Pentaqonun aldığı 200 “Tomaqavk” raketindən 120-dən çoxu artıq buraxılıb. Müdafiə nazirliyi 2026-cı il büdcəsində cəmi 57 “Tomahavk” raketi üçün maliyyə tələb edib. Çox güman ki, Vaşinqton Venesuela ərazisinə zərbə endirmək üçün “Tomaqavk” raketlərinə də ehtiyac duyacaq”, - analitiklərin proqnozlarına istinad edən “FT” vurğulayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Tomoqavk  



Xəbər lenti