Rusiya-ABŞ münasibətləri tunelə girir

   Rusiya-ABŞ münasibətləri tunelə girir
  19 Oktyabr 2025    Oxunub:2470
Rusiya prezidentinin investisiyalar üzrə xüsusi nümayəndəsi Kiril Dimitriyev “Putin-Tramp” tunelinin çəkilməsini təklif edib. Onun sözlərinə görə, Berinq boğazının altından keçəcək tunel ABŞ və Rusiyanı birləşdirməklə, regionun təbii sərvətlərin birlikdə mənimsənilməsinə imkan yaradacaq.
82 km. eni olan Berinq boğazı Rusiya ilə ABŞ-nin arasında ən yaxın məsafədir. Boğazın ortasında yerləşən Diomed adalarının biri Rusiyaya, digəri ABŞ-yə məxsusdur. Onların arasında cəmi 4 km. məsafə var.

Bu ideya əvvəllər də ortaya atılıb, amma baha olduğuna görə vaz keçilib. Belə ki, əvvəllər tunelin tikintisi 65 milyard dollar həcmində qiymətləndirilirdi. Amma Dimitriyevin hesablamalarına görə, 70 mil (112 km) uzunluğunda tuneli milyarder İlon Maska məxsus “The Boring Company” şirkəti 8 milyard dollara ərsəyə gətirə bilər. Mask hələ ki heç bir cavab verməyib.



Maraqlıdır ki, ideya Tramp-Zelenski görüşünün ərəfəsində səslənib. Tramp onu “maraqlı” adlandıraraq, görüşldə Zelenskinin də fikrini soruşub. Ukrayna prezidenti isə bundan məmnun qalmadığını bildirib.

Kiril Dmitriyev ABŞ prezidentinin dostu və xüsusi nümayəndəsi Stiv Uotkofla işləyir. O, əvvəllər də ABŞ-nin Rusiyanın Arktikadakı enerji layihələrində iştirakını təklif etmişdi.


Qeyd edək ki, tunelin özündən əlavə, onun tikiləcəyi regionlara da nəhəng investisiya tələb olunur. Çünki həmin ərazilərdə praktik olaraq nəqliyyat infrastrukturu mövcud deyil.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Rusiya   ABŞ  



Xəbər lenti