İsveç Latviyaya HHMS yerləşdirir

   İsveç Latviyaya HHMS yerləşdirir
  24 Oktyabr 2025    Oxunub:1045
İsveç 2026-cı ildə NATO qüvvələri çərçivəsində Latviyaya pilotsuz uçuş aparatı (PUA) əleyhinə 2 ədəd özüyeriyən zenit topu göndərəcək.
İsveç mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, Baltikyanı respublikada hava hücumundan müdafiə sistemi (HHMS) ilə yanaşı həmçinin təqribən 500 İsveç əsgərindən ibarət batalyon da 6 ay müddətində yerləşdiriləcək. Bu birlik NATO alyansının çoxmillətli briqadası daxilində quru qoşunlarının bir hissəsini əmələ gətirəcək. Batalyonun komandiri Tobias Kristersonun sözlərinə görə, belə bir addımın atılması "son aylar artan PUA təhlükəsinə qarşı mübarizə" məqsədi daşıyır.

Ötən günlərdə İsveç hökuməti "NATO ərazisində kollektiv müdafiəyə töhfə vermək məqsədilə" 31 dekabr 2026-cı il tarixinədək alyansın komandanlığına 3000 İsveç əsgərinin göndərilməsini nəzərdə tutan qanunu təsdiqləyib. Bu tədbir çərçivəsində quru qoşunları ilə yanaşı hava və dəniz qoşunlarının da Latviyaya yerləşdirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, NATO-nun quru qoşunları alyansın Rusiya ilə həmsərhəd bütün üzv ölkələrində mövcuddur.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveç   Latviya   NATO   HHMS   Rusiya  



Xəbər lenti