Agentliyin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə media sahəsində deyil, bütün istiqamətlərdə ən yüksək səviyyəyə yüksəlib. O vurğulayıb ki, iki ölkə hər zaman bir-birinin yanında olub və bu həmrəyliyin təməlində sarsılmaz qardaşlıq və dostluq dayanır.
Türkiyədən olan media nümayəndələri Azərbaycana səfərləri çərçivəsində işğaldan azad edilmiş ərazilərə, o cümlədən Qarabağ bölgəsinə səfər etdiklərini, orada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Onlar Xocalıda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdiklərini qeyd edərək, azad edilmiş torpaqlarda qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesini yüksək qiymətləndiriblər. Media nümayəndələri, həmçinin təmsil etdikləri informasiya resurslarında bu prosesin gedişi və əhəmiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə silsilə reportajlar və analitik materiallar hazırlayacaqlarını vurğulayıblar.
Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə media əlaqələrinin daha da güclənməsinə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


