Gündüz İsmayılov: "Tolerantlıq modelimizin Zəfər Günü ərəfəsində nümayişi əlamətdardır"

      Gündüz İsmayılov:    "Tolerantlıq modelimizin Zəfər Günü ərəfəsində nümayişi əlamətdardır"
  05 Noyabr 2025    Oxunub:799
"Azərbaycanda mövcud tolerantlığı, multikulturalizmi, dinlərarası dialoqu, dini icmalar arasında vəhdəti milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi nümayiş etdirməkdə məqsədimiz bu mühitin daha da inkişaf etdirilməsi üçün zəmin yaratmaqdır".
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda söyləyib. O vurğulayıb ki, bu festival ötən illərdə baş tutmuş tədbirlərdən həm məzmun, həm də formatca xeyli fərqlənir.

"Bu festivalda, demək olar ki, ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi başda olmaqla müsəlman konfessiyalarının, Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, habelə protestant, yəhudi, bəhai və krişna icmalarının nümayəndələri iştirak edirlər", - o deyib.

Sədr müavini məlumat verib ki, festival çərçivəsində sadalanan dini icmaların kitablarından, geyimlərindən və inancları ilə əlaqədar əşyalardan ibarət sərgi keçiriləcək. Eyni zamanda, hər bir icma özlərinə məxsus musiqi və rəqs nömrələrini təqdim edəcək. Festivalda din xadimləri ilə yanaşı Azərbaycanın bu sahədə fəaliyyət göstərən aidiyyəti qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə hökumət və dövlət nümayəndələri, millət vəkilləri iştirak edirlər.

Gündüz İsmayılovun sözlərinə görə, festivalın 8 Noyabr – Zəfər Günü ərəfəsində keçirilməsi də təsadüfi deyil: "Bizim milli birliyimizi, dini həmrəyliyimizi, dinlər və məzhəblərarası münasibətlərin yüksək təzahürünü özündə toplayan Azərbaycan modelinin məhz Zəfər Günü ərəfəsində nümayiş etdirməsi əlamətdar və qürurverici hadisədir".

AzVision.az


Teqlər: DQİDK   festival  



Xəbər lenti