Sarkozinin azadlığa buraxılması ilə bağlı məhkəmə iclası başlayıb
Onun oğlu Jan Sarkozi və həyat yoldaşı, məşhur müğənni Karla Bruni isə məhkəmə zalında iştirak ediblər və dinləməni yaxından izləyiblər.
N.Sarkozinin bəzi partiya həmkarları onun azadlığa buraxılmasını dəstəkləyirlər.
Sentyabrın 25-də Paris Cinayət Məhkəməsi Nicola Sarkozini beş il müddətinə real həbs cəzasına məhkum edib. O, Müəmmar Qəddafinin rəhbərlik etdiyi Liviya rejimindən gizli maliyyə dəstəyi almaq üçün yaxın ətrafına göstəriş verdiyinə görə cinayətkar birlikdə iştirak maddəsi ilə təqsirli bilinib. Bu, Fransanın tarixində ilk dəfə keçmiş prezidentin həbsxanaya göndərilməsi ilə nəticələnən məhkəmə qərarı olub. N.Sarkozi qərardan apellyasiya şikayəti verib, lakin həbs qərarı dərhal icra edilib.
Bu iş üzrə Sarkozi ilə birlikdə üç nəfər həbs olunmuşdu. Onlardan biri - keçmiş bankir Vahib Naser artıq məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Digər təqsirləndirilən, biznesmen Aleksandr Cuhri isə qaçış riski səbəbindən həbsdə saxlanılır.
N.Sarkozinin “La Santé” həbsxanasında keçirdiyi 20 gün ərzində bir sıra qalmaqallar yaşanıb. Onun təhlükəsizliyini təmin edən iki polis əməkdaşının daimi iştirakı penitensiar nəzarətçi həmkar ittifaqlarının narazılığına səbəb olub. Bəzi məhbuslar gecə vaxtı keçmiş prezidentə təhdidlər də yönəldiblər.
Bundan başqa, ədliyyə naziri Jerald Darmanənin N.Sarkoziyə həbsxanada baş çəkməsi ölkənin hüquq ictimaiyyətində sərt tənqidlər doğurub.
İndi diqqət Paris Apellyasiya Məhkəməsinə yönəlib. Sarkozinin azadlığa buraxılıb-buraxılmayacağı növbəti günlərdə məlum olacaq. Nəticədən asılı olmayaraq, bu iş Fransa siyasətində və ədalət sistemində tarixi presedent kimi qalacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


