Mikerin piramidasında gizli keçidlər aşkarlanıb

   Mikerin piramidasında gizli keçidlər aşkarlanıb
  12 Noyabr 2025    Oxunub:818
Mütəxəssislər Misirin Giza (Cizə) yaylasında yerləşən üç ehramın ən kiçiyinin – Mikerin piramidasının (eramızdan əvvəl XXVI əsr) şərq tərəfində iki naməlum giriş üzə çıxarıblar.
Kəşf barədə tədqiqatın nəticələri "NDT & E International" jurnalında işıq üzü görüb. "ScanPyramids" layihəsi çərçivəsində tədqiqatı ərsəyə gətirən Qahirə Universitetinin və Münhen Texniki Universitetinin alimləri diqqətə çatdırırlar ki, piramidanın indiyədək bilinən əsas girişi onun şimal tərəfdə yerləşir, ancaq yeni tapıntı ilə əlaqədar ilkin ehtimala əsasən, sözügedən iki giriş piramidanın daxilindəki gizli keçidlərə doğru aparır.
Misirdə qədim polis fiti tapılıb | FOTO

Məlumata əsasən, tapıntının mahiyyətini müəyyənləşdirmək məqsədilə piramidanın üzərində ona zərər yetirmədən bir sıra əməliyyat aparılıb. Nəticəyə əsasən, girişlərdən biri ehramın şərq fasadının xarici kənarından təqribən 1,4 m kənarda, digəri isə ondan təqribən 1,13 m aralıdadır.

"Girişlər təxminən 4 metr hündürlüyə və 6 metr enə malik cilalı qranit blokların arxasında yerləşir. Bu struktur şimal girişinin dizaynını xatırladır. Ona görə də belə qənaət yaranır ki, tapıntılar ehramın indiyədək naməlum qalmış ikinci girişləridir. Onların ölçüsünü, istiqamətini və piramidanın içərisi ilə əlaqəsini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var", – alimlər vurğulayırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Misir   piramida   keçid   tapıntı  



Xəbər lenti