Politico: “Fransa Almaniyanın önə keçməsindən qorxur”

      Politico:    “Fransa Almaniyanın önə keçməsindən qorxur”
  12 Noyabr 2025    Oxunub:1062
Fransa siyasətçiləri Almaniya ordusunun yenidən silahlanma prosesindən narahatdırlar, çünki Fransa Avropanın hərbi sənaye lideri kimi aparıcı rolunu itirmək riski ilə üzləşir.
AzVision.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Almaniya 2029-cu ilə qədər müdafiə büdcəsini 153 milyard avroya çatdırmağı planlaşdırır. Fransanın hərbi xərclərinin isə həmin vaxt təxminən 80 milyard avro olacağı gözlənilir.

Almaniya hökumətinin dövlət borcunun əhəmiyyətli dərəcədə aşağı səviyyəsi sayəsində Berlinin büdcə xərclərini maliyyələşdirmək üçün xeyli geniş imkanları var.

FT: “Avropalılar bankadakı əqrəbləri xatırladır”
Bundesverin (Almaniya Silahlı qüvvələri) ümumi yenidən silahlanma tələbləri təxminən 400 milyard avro təşkil edir və Almaniya hökuməti bu cür müqavilələrin böyük əksəriyyətini alman istehsalçıları ilə bağlamağı nəzərdə tutur.

“Fransız siyasətçiləri sıralarında əhval-ruhiyyə] hazırda ehtiyatlılıq və təhlükə hissi arasındadır. Almanlarla işləmək çətin olacaq, çünki onlar dominant mövqedən çıxış edəcəklər”, - Fransa Müdafiə nazirliyinin adı açıqlanmayan məmuru “Politico” nəşrinə bildirib.

Fransalı məmur həmçinin zarafatla “Almaniya 1940-cı ildəki kimi Elzas və Mozeli ələ keçirməli olmayacaq, çünki almanlar, sadəcə, onları ala bilərlər” ifadəsini də işlədib.

“Politico” iki ölkə arasında münasibətlərin gərginləşməsinin səbəblərindən biri kimi Fransa, Almaniya və İspaniyanın birgə hazırlamağı planlaşdırdığı FCAS (Future Combat Air System) altıncı nəsil qırıcı layihəsini göstərir.

- Layihə fransız və alman iştirakçılar arasında fikir ayrılıqlarına görə dağılmaq ərəfəsindədir. Bu fonda Almaniya ya yalnız İspaniya ilə əməkdaşlıq çərçivəsində qırıcı təyyarələrin hazırlanmasını davam etdirmək, ya da İsveç və Böyük Britaniya ilə yeni layihəyə başlamaq imkanlarını mümkün sayır. Bu perspektiv Parisi narahat edir”, - qəzet vurğulayır.

Xatırladaq ki, Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinin baş iqtisadi icmalçısı Martin Vulf 1500 il ərzində bir-biri ilə rəqabət aparan Avropa dövlətlərini “şüşədəki əqrəblərə” bənzədib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Fransa   Almaniya   rəqabət  



Xəbər lenti