DMX rəisi Yüksəkixtisaslı Miqrant Portalının üstünlüklərini açıqlayıb

   DMX rəisi Yüksəkixtisaslı Miqrant Portalının üstünlüklərini açıqlayıb
  13 Noyabr 2025    Oxunub:902
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilib. Proqramın əsas məqsədləri müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında işləməsini təşviq etmək, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirmək, habelə bu sahədə çevik idarəetmə və əlaqələndirmə mexanizmini formalaşdırmaqdır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bəyan edib.

"Sözügedən Proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən Yüksəkixtisaslı Miqrant Portalı yaradılıb. Portal “uğur hekayəsi üçün Azərbaycana yolunuz” ifadəsinin ingilis dilində qarşılığının (your Path to Azerbaijan for Success Story) abreviaturasını özündə əks etdirən www.pass.gov.az ünvanı ilə təqdim olunur. Qeyd edək ki, “pass” həm də miqrasiya sahəsində “keçid”, “icazə” mənasını bildirən terminologiya kimi istifadə olunan ifadədir.

Portalın Azərbaycan dili ilə yanaşı türk, ingilis və rus dillərində fəaliyyət göstərməsi bu platformanın daha geniş auditoriyaya çıxışını təmin edir, Proqramla bağlı məlumatların müxtəlif dillərdə əlçatan olmasına şərait yaradır və yüksəkixtisaslı əcnəbilərin Azərbaycana marağının artırmasına xidmət edir", – deyə o izah edib.

Vüsal Hüseynov bildirib ki, portal istifadəçilərə Yüksəkixtisaslı Miqrant Proqramında iştirakla bağlı güzəşətlər, tələblər, qiymətləndirmə meyarlarına dair, o cümlədən digər faydalı məlumatlar təqdim edir:

"Proqramda iştirak etmək istəyən əcnəbilər bu portal vasitəsilə qeydiyyatdan keçə, təhsil, iş təcrübəsi, xarici dil bilikləri və digər məlumatlarını təqdim etməklə elektron formada müraciət edə bilərlər. Müraciətləri müsbət cavablandırılan və yüksəkixtisaslı miqrant statusu əldə edən əcnəbilərə Azərbaycan Respublikasında yaşama və əmək fəaliyyəti ilə məşğul olma ilə bağlı bir sıra güzəştlər tətbiq olunur. Portal, Azərbaycanda fəaliyyət göstərən sahibkarlara da yeni imkanlar yaradır – işəgötürənlər qeydiyyatdan keçərək ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislər barədə sorğu edə və məlumatları əldə edə bilərlər".


AzVision.az


Teqlər: DMX   Miqrant  



Xəbər lenti