Tusk: “Təxribatı Rusiya ilə əlaqəsi olan iki ukraynalı törədib”

      Tusk:    “Təxribatı Rusiya ilə əlaqəsi olan iki ukraynalı törədib”
  18 Noyabr 2025    Oxunub:707
İstintaqın fikrincə, Polşada dəmir yollarında törədilən təxribata görə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən iki Ukrayna vətəndaşı məsuliyyət daşıyır.
AzVision.az “RMF24” radiostansiyasına istinadən xəbər verir ki, Polşanın baş naziri Donald Tusk Seymdəki (parlament) çıxışında istintaqın ölkənin dəmir yolunda son təxribat aktlarının səbəbkarları güman olunanların şəxsiyyətini müəyyənləşdirdiyini iddia edib.

“Rusiya kəşfiyyat orqanları ilə əməkdaşlıq edən hər iki Ukrayna vətəndaşı Polşaya Belarusdan keçiblər. Törətdikləri əməllərdən sonra, lakin hələ müstəntiqlər onların şəxsiyyətlərini müəyyən etməmişdən əvvəl, təxribatçılar Terespol sərhəd keçidindən yenidən Belarusa qayıdıblar”, - məlumatda deyilir.

Onlardan biri artıq may ayında (il göstərilmir) Ukraynada təxribat fəaliyyətinə görə Lvov məhkəməsi tərəfindən məhkum edilib. Donbasdan olan ikinci şübhəli isə əvvəllər prokurorluqda işləyib. Bununla belə, “donbaslı” deyəndə onun bölgəsər mənşəyinin, yoxsa Ukraynanın şərqində yaşamasının nəzərdə tutulduğu dəqiqləşdirilmir.

Varşava: “Bütün izlər Rusiyaya aparır”
Donald Tuskun özü də istintaqın davam etdiyi üçün daha çox məlumatı ictimaiyyətə açıqlamayacağını bildirib.

- Polşalı müstəntiqlərin fikrincə, cinayəti törədənlər Pulava stansiyası yaxınlığında qatarı relsdən çıxarmaq və onu smartfonla video-lentə almaq niyyətində olublar. Onlar Mika kəndi yaxınlığındakı yolu partlatmaq üçün C-4 partlayıcısından istifadə ediblər. Maddənin bir hissəsi partlamayıb və müstəntiqlər onu aşkarlayıblar”, - xarici mətbuat yazır.

Donald Tusk qeyd edib ki, partlayış noyabrın 15-də saat 20:58-də yük qatarı həmin hissədən keçərkən baş verib. Partlayış nəticəsində vaqonun altına cüzi ziyan dəyib. Heç nə görməyən qatarın maşinisti yoluna davam edib.

“Bu, görünməmiş hadisədir. Bu, Ukraynada genişmiqyaslı müharibənin başlanmasından sonra, ola bilsin ki, Polşa dövlətinin təhlükəsizliyi məsələsində ən ciddi vəziyyətdir”, - Polşanın baş naziri vurğulayıb.

Xatırladaq ki, təxribatın baş verdiyi Varşava-Lyublin dəmir yolu hissəsi Ukraynaya yardım üçün strateji əhəmiyyət kəsb edir. Dəmir yolunun bu hissəsində hələlik təxribat kimi qiymətləndirilməyən başqa bir hadisə də baş verib.

Sözügedən hadisələrdən sonra Varşava mühüm dəmir yolu infrastrukturunun əsas hissələrini patrul etmək üçün ora ərazi müdafiə qoşunlarını göndərmək qərarına gəlib.
Yeri gəlmişkən, bundan əvəvl Polşanın Milli Müdafiə naziri Vladislav Kosinyak-Kamış da bu təxribatların bütün izlərinin Rusiyaya uzandığını söyləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Polşa   Rusiya   təxribat  



Xəbər lenti