İsrail Beyrutu bombalayıb: "Hizbullah" komandiri ölüb

      İsrail Beyrutu bombalayıb:    "Hizbullah" komandiri ölüb
  24 Noyabr 2025    Oxunub:1047
İsrail Hərbi Hava Qüvvələri, keçən il qüvvəyə minmiş atəşkəsə baxmayaraq, Livanın paytaxtı Beyrut şəhərinin cənubuna aviazərbə endirib.
Bu barədə "The Times of Israel" xəbər saytı İsrail Ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, aviazərbə nəticəsində Livanın iranyönümlü "Hizbullah" terror təşkilatının qərargah rəisi vəzifəsinin icraçısı Əli Təbatəbayi öldürülüb. Təşkilat özü də onun ölümünü təsdiqləyib.

Hadisə haqqında Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, çoxmərtəbəli binaya tuşlanan aviazərbə nəticəsində ümumilikdə 5 nəfər ölüb, 28 nəfər yaralanıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri Beyrut şəhərini axırıncı dəfə yay aylarında bombalamışdı. "Hizbullah"ın sözçüsü Mahmud Qimatinin bildirdiyinə görə, bu hücum İsrailin "qırmızı xətti keçməsi" deməkdir.

"Hücuma cavab verilib-verilməyəcəyinə rəhbərlik qərar verəcək", – o vurğulayıb.

Bildirək ki, Əli Təbatəbayi ABŞ tərəfindən "Hizbullah"ın "əsas lideri" sayılır. Vaşinqton bu şəxsə qarşı 2016-cı ildə sanksiyalar irəli sürüb.
İsrail Livanı bombalayıb: Məktəblilər yaralanıblar

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan yalnız qismən çəkilib, strateji sayılan 5 nöqtədə isə hələ də qalmaqdadır. Sazişdə Livanın üzərinə düşən isə "ölkədə silahların ancaq dövlətin əlində qalması" şərti idi. Bu məqsədlə "Hizbullah"ın silahsızlaşdırılması üçün danışıqlar aparılır. Təşkilatın himayədarı İran belə bir prosesi etirazla qarşılayır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   aviazərbə  



Xəbər lenti