JISS: “Tehran Avropa və Qafqazda hibrid müharibə aparır”

      JISS:    “Tehran Avropa və Qafqazda hibrid müharibə aparır”
  25 Noyabr 2025    Oxunub:962
Avropada və Qafqazda nüfuz uğrunda İran kompleks şəkildə hibrit strategiya həyata keçirir.
AzVision.az xəbər verir ki, Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (The Jerusalem Institute for Strategy and Security – JISS) analitiklərinin iddiasına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Sepah-e-Qods” şöbəsi təbliğatdan, casusların cəlb olunmasından və əməliyyat fəaliyyətlərinin birləşməsindən istifadə etməklə xaricdə fəaliyyət göstərir.

“İran strukturları Avropadakı dissidentlərə və bəzi dini icmalara nəzarət edir, həmçinin mədəni, təhsil və analitik platformalar vasitəsilə öz təsir şəbəkələrini gücləndirməyə çalışır. Hər bir əcnəbi vətəndaşın saxlanması və ya ideoloji tərəfdarının dəstəklənməsi daha geniş strategiyanın tərkib hissəsidir”, - JİSS-in hesabatında vurğulanır.

Sənəddə “Sepah-e-Qods şöbəsinin Suriyada yerləşən, Avropa qitəsində və qonşu regionlarda əməliyyatları əlaqələndirən “840” bölməsinin fəaliyyətinə xüsusi diqqət yetirilir.
JISS bildirir ki, bölmə öz təsirini genişləndirmək, informasiya nəzarətini təmin və İranın maraqlarını inkişaf etdirməyə qadir kadrların hazırlanması üçün yerli tərəfdaşlarla fəal işləyir.

İnstitutun analitikləri həmçinin dəstəklənən strukturlar və yerli təşkilatlarla qarşılıqlı əlaqə vasitəsilə təsir kanallarının formalaşdığı Qafqaz ölkələrində də İran şəbəkələrinin mövcud olduğunu vurğulayırlar.

- Bu cür əməliyyatlara yerli iştirakçıların cəlb olunması və təlimi, dəstəyin təşkili və maddi-texniki yardımın göstərilməsi daxildir. İranın fəaliyyəti bir-biri ilə əlaqəli sistemi təmsil edir ki, burada bir regionda təzyiqin azalması digər regionda artan təsirlə kompensasiya olunur”, - qurumun ekspertləri bildirirlər.

Onların qiymətləndirməsinə görə, bu proseslərin başa düşülməsi hibrid təhdidlərə qarşı tədbirlərin işlənib hazırlanması, Avropa və Qafqazda sabitliyin təmin edilməsi üçün vacibdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: JİSS   İran   hibrid  



Xəbər lenti