Tramp-Maduro qarşıdurması: təzyiq və sükut

   Tramp-Maduro qarşıdurması:    təzyiq və sükut
  25 Noyabr 2025    Oxunub:944
ABŞ prezidenti Donald Tramp hələ də Vaşinqtonun Karakasa artan təzyiqinin Venesuela prezidenti Nikolas Maduronu istefaya sövq edəcəyinə və bununla da hərbi ssenaridən qaçılacağına ümidlidir.
AzVision.az xəbər verir ki, ABŞ administrasiyasındakı mənbələrə istinad edən “CNN” telekanalı belə məlumat yayıb.

Mənbənin iddiasına görə, prezident Donald Trampa ABŞ-nin qəbul edəcəyi bir sıra mümkün ssenarilər təqdim olunub. Bununla belə, Vaşinqtonun gələcək fəaliyyət variantlarına hələ də “heç nə etməmək” planı da daxildir.

“Venesuela nümayəndələri Maduro və Tramp arasında birbaşa danışıqlar perspektivini müzakirə etmək üçün bir çox kanallar vasitəsilə qarşı tərəflə əlaqə saxlayıblar. Hər iki tərəf artıq belə bir dialoqun mümkün formatları ilə bağlı məsləhətləşmələr aparıb, lakin hələlik yekun razılaşma əldə edilməyib”, - telekanal vurğulayır.

Nazir: “Ordu Trampın əmrini gözləyir”
Xatırladaq ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə kifayət qədər qətiyyətli tədbirlər görməməkdə ittiham edir. Bu adla ABŞ Karib dənizinə “Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi dəniz zərbə qrupunu, həmçinin nüvə sualtı qayığını və 16 mindən çox əsgərini yerləşdirib. Sentyabr ayından bəri isə ABŞ hərbçilərinin regionda 20-dən çox sürətli qayığı məhv etməsi nəticəsində 76 nəfər həlak olub.

Amerika mediası dəfələrlə Birləşmiş Ştatların tezliklə Venesuelada yerləşən narkotik kartelinin hədəflərini vurmağa başlaya biləcəyi barədə məlumatlar yayıb.

Maraqlıdır ki, “CNN” telekanalının iddiasına görə , Venesuelaya qarşı quru əməliyyatına başlayacağı halda, ABŞ 1961-ci ildə Kubaya desant enişi zamanı yaşadığı iflası təkrarlamaq riski ilə üzləşə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Venesuela   gərginlik  



Xəbər lenti