Vaşinqtonun şərti: “Öncə sülh sazişi”

   Vaşinqtonun şərti:  “Öncə sülh sazişi”
  27 Noyabr 2025    Oxunub:1616
Yalnız sülh sazişi imzalandıqdan sonra Birləşmiş Ştatlar Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.
AzVision.az bildirir ki, məlumatlı mənbələrin açıqlamalarına istinad edən “Poltico” nəşrinin yaydığı xəbərə görə, ABŞ Dövlət departamentinin katibi Marko Rubio Vaşinqtonun bu mövqeyini avropalı müttəfiqlərinə çatdırıb.

“Amerika diplomatiyasının rəhbəri əmin edib ki, ABŞ prezidenti Donald Tramp daha sonra Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparacaq. Dövlət katibi sülh sazişindən sonra həll edilməli olan bir neçə başqa məsələni də diqqətə çatdırıb”, - məlumatda deyilir.

Avropalıların fikrincə, Marko Rubio digər məsələlər dedikdə, Ukraynanın ərazi bütövlüyü və Rusiyanın dondurulmuş aktivlərini nəzərdə tutur.

Ümumilikdə “sülh planı”ndan danışan bəzi Avropa ölkələri Tramp administrasiyasının tərəzinin Rusiyanın xeyrinə döndərəcəyindən ehtiyatlanır.

ABŞ Dövlət Departamenti məsələnin şərhi ilə bağlı “Politico” nəşrinin sorğusuna cavab verməyib.

The Economist: “Rubio Ukraynanı xilas edib”
Xatırladaq ki, noyabrın ortalarında ABŞ Ukraynaya “sülh planı” layihəsini təqdim edib. Onun 28 bəndindən biri Kiyevin etibarlı təhlükəsizlik zəmanəti alması tələbini qoyurdu. Vaşinqton və Kiyev nümayəndələri arasında Cenevrədə aparılan danışıqlardan sonra Trampın sözlərinə görə, sənəd 22 bəndədək qısaldılıb.

- Kiyev “sülh planı”nın üç əsas bəndini rədd edib. Konkret olaraq, Ukrayna Donbasın işğal olunmamış hissəsini Rusiyaya təhvil vermək, ordusunu 600 min əsgərlə məhdudlaşdırmaq və NATO-ya daxil olmaq planlarından əl çəkmək istəmir”, - yüksək vəzifəli ukraynalı mənbə “CNN” telekanalına bildirib.

Cenevrədəki danışıqlardan sonra Ukrayna tərəfi Trampla sülh planının ən həssas aspektlərini müzakirə etmək üçün Zelenskinin ABŞ-yə səfəri təklifini irəli sürüb. Lakin Ağ Ev rəhbəri bildirib ki, yalnız “müharibənin bitməsinə dair razılaşma yekunlaşdıqda və ya son mərhələdə olanda” Zelenski və Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini planlaşdırır.

Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffa Putinlə danışıqlar üçün Rusiyaya uçmağı, ABŞ-nin Ordu naziri Deniel Driskolla isə Kiyevlə əlaqə saxlamağı tapşırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   şərt  



Xəbər lenti