Nəhəng silah istehsalçıları nə qədər qazanıblar?

   Nəhəng silah istehsalçıları nə qədər qazanıblar?
  01 Dekabr 2025    Oxunub:721
2024-cü ildə dünyanın 100 ən böyük silah istehsalçısı 679 milyard dollar məbləğində rekord gəlir əldə edib.
AzVision.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında belə deyilir.

“Ukrayna və Qəzza zolağında gedən döyüşlər fonunda dövlətlər öz arsenallarını genişləndirməyə və sürətlə modernləşdirməyə çalışırlar. Bu, qlobal silah şirkətlərinin gəlirlərinin kəskin artmasına səbəb olub. Belə ki, ötən il silah satışından əldə olunan gəlirlər indiyə qədər qeydə alınan ən yüksək səviyyəyə yüksələrək çatıb və 5,9% artaraq 679 milyard dollara çatıb”, - məlumatda vurğulanır.

Xüsusilə, ABŞ-nin ən böyük şirkətlərinin silah satışından əldə etdiyi ümumi gəlir 3,8% artaraq 334 milyard dollara çatıb. Reytinqdə yer alan 39 Amerika istehsalçısından 30-u silah satışından götürdükləri qazancı artırıb.

İlk yüzlüyə daxil olan 26 Avropa silah şirkətindən 23-ü öz göstəricilərini yaxşılaşdırıb. Onların ümumi gəlirləri 13% artaraq 151 milyard dollara çatıb.

Zəruri komplektlərin çatışmazlığına səbəb olan beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyanın “Rostex” və “Birləşmiş Gəmiqayırma Korporasiyası (BGK)” satış gəlirlərini 23% artıraraq 31,2 milyard dollara çatdırıblar. SIPRI-nin ekspertlərinin fikrincə, daxili tələbatın artması Rusiya şirkətlərinin hərbi ixracın azalması səbəbindən üzləşdikləri gəlir itkisini kompensasiya edə bilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Silah   istehsal   qazanc  



Xəbər lenti