FT: “NATO Rusiyaya qabaqlayıcı zərbə hazırlayır?”

      FT:    “NATO Rusiyaya qabaqlayıcı zərbə hazırlayır?”
  01 Dekabr 2025    Oxunub:861
Hibrid hücumlara cavab olaraq Şimali Atlantika Alyansı Rusiyaya qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, NATO-nun Hərbi komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone “Financial Times” nəşrinə müsahibəsində belə deyib.

“Biz reaksiya vermək əvəzinə daha aqressiv olmaq və qabaqlayıcı tədbirlər görməyi düşünürük”, - admiral bildirib.

Nəşrin məlumatına görə, bəzi diplomatlar, xüsusən də Şərqi Avropa ölkələrindən olanlar alyansı sadəcə reaksiya verməyi dayandırmağa və cavab zərbəsi endirməyə çağırır.

Cüzeppe Kavo Draqone iddia edib ki, qabaqlayıcı zərbəni müdafiə addımı kimi qiymətləndirmək olar.

- Lakin bu, bizim adi düşüncə və davranış tərzimizdən kənara çıxır. Bəlkə də rəqibimizdən daha aqressiv hərəkət etməliyik. Suallar hüquqi çərçivə yurisdiksiyasındadır: bununla kim məşğul olacaq?”, - admiral vurğulayıb.

Bu kontekstdə “FT” NATO-nun Baltik dənizində patrul xidməti üzrə “Baltic Sentry” keşikçi missiyasını xatırladır ki, bu da sualtı kabellərin zədələnməsi ilə bağlı insidentlərin təkrarlanmasının qarşısını almağa kömək edir.

- “Baltic Senty” əməliyyatı başlayandan bəri heç nə baş verməyib. Bu o deməkdir ki, çəkindirmə mexanizmi işləyir”, - Draqone iddia edib.

Bununla belə, o, etiraf edib ki, problemlərdən biri NATO ölkələrinin etikaya, qanuna, yurisdiksiyaya görə rəqiblərdən qat-qat çox məhdudiyyətlərə malik olmasıdır.

“Mən bunun məğlub mövqe olduğunu söyləmək istəmirəm, lakin bu, rəqibimizinkindən daha mürəkkəbdir. Biz çəkindirmənin necə əldə olunduğunu dərindən təhlil etməliyik - cavab tədbirləri ilə, yoxsa qabaqlayıcı zərbə ilə?”, - Şimali Atlantika Alyansının Hərbi komitəsinin rəhbəri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Rusiya   zərbə  



Xəbər lenti