Aynurə Əhmədova: "Tibbi sığortanın tətbiqi xidmətlərin keyfiyyətini yüksəldib"

   Aynurə Əhmədova:    "Tibbi sığortanın tətbiqi xidmətlərin keyfiyyətini yüksəldib"
  11 Dekabr 2025    Oxunub:1039
"İcbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb".
Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəzər Tibb Mərkəzində təşkil olunan mediaturda dilə gətirib. O bildirib ki, son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib:

"Hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla (elektromiyoqrafiya (əzələ hərəkətlərinin elektrik aktivliyini ölçmək üçün istifadə olunur), treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya, spirometriya, kolonoskopiya, ultrasəs müayinəsi, bronxoskopiya, kolposkopiya, elektrokardioqrafiya və Avastin inyeksiyası üçün xüsusi avadanlıqlar) təmin edilib. Avastin inyeksiyası proseduru yalnız Mərkəzdə həyata keçirilir".

Aynurə Əhmədova məlumat verib ki, səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb:

"Bu da pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətlərə çıxışını xeyli yaxşılaşdırıb. İcbari tibbi sığortanın tətbiqi ilə yanaşı Xəzər Tibb Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb və hazırda pasiyentlərə fasiləsiz xidmət göstərir".

Department rəhbərinin sözlərinə görə, cari ilin ilk 6 ayında Mərkəzə 90 000-ə yaxın müraciət daxil olub, ümumilikdə 248 000-dən artıq xidmət göstərilib və icbari tibbi sığorta ilə 821 cərrahi xidmət icra edilib.

AzVision.az


Teqlər: mediatur  



Xəbər lenti