Xaçaturyan: "Sülhə sadiqik" | VİDEO

      Xaçaturyan:    "Sülhə sadiqik" |    VİDEO
  12 Dekabr 2025    Oxunub:690
"Ermənistan hökumətinin hədəfi Cənubi Qafqazda davamlı sülhü möhkəmləndirməkdir".
Bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən "Beynəlxalq Sülh və Etimad İli – 2025" forumunda çıxışı əsnasında dilə gətirib. O vurğulayıb ki, "Sülh qovşağı" layihəsinin və onun tərkib hissəsi səviyyəsində "Tramp yolu" təşəbbüsünün icrası regionda iqtisadi artıma və tərəflər arasında dialoqa töhfə verəcək:

"Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifahın yeni fəslini açırıq. Bu məsələdə beynəlxalq tərəfdaşlarının dəstəyini gözləyirik".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" ("Tramp yolu" / TRIPP) adlanacağını bildirib.
Tramp yolu | İrəvanda "TRIPP" şirkəti yaradılır

Öz növbəsində, Prezident İlham Əliyev Ağ Evdə birgə mətbuata bəyanatda söyləyib ki, sözügedən təşəbbüs çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq:

"Bu, həqiqətən, tarixi gündür. Qafqazda sülhü bərqərar edirik. Bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Donald Trampın da düzgün qeyd etdiyi kimi, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq".

Ermənistanın Baş naziri Nikol Paşinyan da avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında layihə haqqında danışıb. Onun sözlərinə görə, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələyə toxunulub. O bu layihələri müsbət qiymətləndirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   sülh-prosesi  



Xəbər lenti