Makron: “Putinlə dialoq bərpa olunmalıdır”

      Makron:    “Putinlə dialoq bərpa olunmalıdır”
  19 Dekabr 2025    Oxunub:1684
Ukraynada sülh razılaşmasına nail olmaq səyləri çərçivəsində Avropa Rusiya prezidenti Vladimir Putinlə dialoqun bərpasını nəzərdən keçirməlidir.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) liderlərinin Brüsseldə keçirilən sammitindən sonra Fransa prezidenti Emmanuel Makron belə deyib.

“Ya hazırkı danışıqlar vasitəsilə davamlı sülh əldə olunacaq, ya da biz Ukraynanın şəffaflığı və əməkdaşlığı şəraitində avropalılarla Rusiya arasında dialoqu bərpa etməyin yollarını tapacağıq. Onda Vladimir Putinlə yenidən danışmaq faydalı olacaq”, - Fransa prezidenti vurğulayıb.

Onun sözlərinə görə, ukraynalılar kimi avropalılar da bu cür təmasların bərpası üçün münasib baza tapmaqda maraqlıdırlar.

- Əks halda, biz bunu öz aramızda müzakirə edəcəyik, sonra danışıqlar aparan şəxslər gedib rusların özləri ilə danışıqlar aparacaqlar. Bu, yaxşı variant deyil”, - Makron diqqətə çatdırıb.

Bundan əvvəl Aİ sammitinin iştirakçıları Ukraynaya 2026-2027-ci illərdə 90 milyard avro məbləğində maliyyə dəstəyi ayırmaq qərarına gəliblər. Bu vəsait Aİ-nin ümumi büdcəsindən götürüləcək. 16 saatlıq müzakirədən sonra Avropa liderləri Rusiyanın “qoca qitə”də dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynanın maliyyələşdirilməsi sxemi ilə bağlı razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Makron bundan əvvəl də Rusiya ilə gələcək dialoqun şərtlərini nəzərdən keçirməyin zəruriliyindən danışmışdı. Bu ilin iyun ayında NATO-nun Haaqada keçirilən sammitində blok ölkələrinin müdafiə xərclərinin artırılmasının müzakirəsi zamanı Fransa prezidenti “Avropa sonsuz olaraq getdikcə daha çox silahlanaraq daimi eskalasiya vəziyyətində qala bilməz” demişdi.

Maraqlıdır ki, bir neçə gün əvəvl Vladimir Putin, öz növbəsində, diqqətə çatdırıb ki, Rusiya ilə Avropa arasında dialoq “hazırkı siyasətçilərlə olmasa da, siyasi elitanın dəyişməsi ilə mümkündür”. Nümunə kimi o, Moskvanın Vaşinqtonla əlaqə yaratmasını göstərib, çünki indiki Amerika administrasiyası “belə hazırlıq nümayiş etdirir”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Putin   dialoq  



Xəbər lenti